Futbol üzrə 1-ci divizion klublarından “Kəpəz” yeni mövsüm öncəsi çempionata hazırlıq çərçivəsində ikinci yoxlama oyununa çıxıb. Bu dəfəki rəqib aşağı dəstədə ötən mövsümün gümüş mükafatçısı “Zaqatala” kollektivi olub. Gəncə şəhər stadionunun sünii örtüklü ehtiyat meydançasında baş tutan görüşün ilk dəqiqələrindən oyuna hakim olan "sarı-göylər" birinci hissədə qonaqların qapısından iki top keçiriblər. Nizami yurdunun təmsilçisi Emil Qasımov və kapitan Əli Səmədovun qollarıyla fasiləyə 2:0 öndə yollanıb. İkinci hissədə zaqatalalılar Ceyhun Rəcəbovla buraxılan toplardan birinin əvəzini çıxıblar. Oyunun sonlarına doğru şimal-qərb kollektivi hətta hesabı bərabərləşdirməyə də yaxın olub. Ancaq təyin olunan penaltini “Kəpəz”in qapıçısı dəf edə bilib. Yekunda isə ev sahibləri 2:1 hesabıyla qalib gəliblər. Bununla da gəncəlilər ikinci yoldaşlıq oyunundan da qalibiyyətlə ayrılıblar.
- Baxış: 1305