• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 14.08.2021 20:42

75 illik ömrün akkordları

KepezTV Player

Ömrünün 60 ilini musiqi sənətinə həsr edən tanınmış qarmon ifaçısı barədədir növbəti sujetimiz. Gəncədə yaşayıb-yaradan, 20 il musiqi müəllimi kimi fəaliyyət göstərən, ifalarına böyük rəğbət bəslənən Vahid Tağıyevi əməkdaşımız Valeh Anaroğlunun materialında yaxından tanıyacağıq.

Vahid Tağıyev musiqi sənətinə yeniyetmə yaşlarından həvəs göstərib. Qərb bölgəsində hamının tanıdığı "Göygöl" musiqi ansamblında fəaliyyət göstərən tanınmış qarmon ifaçısı, sənətin sirlərini öz tələbələri ilə də bölüşüb. Gəncə musiqi məktəbində müəllim kimi çalışıb.

Vahid Tağıyev qarmon ifaçısı: 15 yaşından mən bu sənətdəyəm. Bu sənətdə də mən böyük sənətkarlarla birlikdə çalışmışam.Onlarla yoldaşlıq etmişəm.Göygöl ansamblında işləmişəm.20 il musiqi məktəbində muğam dərsi demişəm.Bu sənətə mən uşaq vaxtımdan vurulmuşam. Elə bu sənətdə də qocalmışam.Nə qədər də mənə desələr də ayrı sənət seç özünə. Dedim xeyr. Mən elə bu sənəti ürəklə seçmişəm,elə həyatımın sonuna kimi də bu sənətdə çalışacağam.

Qocaman sənətkar vaxtilə el şənliklərində iştirakını da yaxşı xatırlayır. Sənət yoldaşları ilə birlikdə, qərb bölgəsində baş tutan toy mərasimlərinə dəvət aldığını vurğulayan Vahid Tağıyev, Gəncədə sözə, sənətə, musiqiyə dəyər verildiyini də deyir.

Vahid Tağıyev qarmon ifaçısı: Bizim vaxtımızda Valeh müəllim, İsmayıl, mən idim.Onlar indi dünyasını dəyişib. Biz üçümüz şəhərdə ən səviyyəli toylara biz gedirdik.Gəncə sənətkarlar şəhəri olub, Gəncə torpağı böyük sənətkarlar yetişdirib.Yəniki Gəncə camaatı musiqini sevən olub, musiqiyə şeyriyyata böyük dəyər verib.

Musiqi sənətinin onlardan gənclərə miras qaldığını qeyd edən Vahid Tağıyevin gənclərə tövsiyələri var.

Vahid Tağıyev qarmon ifaçısı: Azərbaycanın hər yerində mən toylarda olmuşam.Özbəkistan, Türkmənistan,Rusiyada, Kamçatkada belə mən toylarda olmuşam.Gənc ifaçılara mənim tövsiyəm odur ki, çalışsınlar ki, qarmon sənətini mükəmməl öyrənsinlər.Muğamı nə qədər mükəmməl,düzgün bilsələr, oyun havalarıdır, təsniflərdir, xalq mahnılarıdır, el havalarıdır, bax bunlara yaxşı bələd olarlar.Sənət bizə keçmişdən gəlib.Bizdən də indi cavanlara keçir.Qoy çalışsınlar ki, bizim sənətimizi davam etdirsinlər.

Bu gün də Azərbaycan musiqi sənətinin təbliğində, tanıdılmasında peşəkar musiqiçilərimizin rolu diqqətəlayiqdir. Onların təcrübələri, xüsusi üslubları, verdikləri tövsiyələr yeni nəsil üçün önəm kəsb edir. Çünki onların ifa etdikləri musiqilər musiqisevərlərin qəlbini hər zaman riqqətə gətirir.

Valeh Anaroğlu