• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1664
— 09.08.2021 20:34

Şəhid Turxan Məmmədovun onsuz ilk ad günü- 23 yaşı qeyd olunub

KepezTV Player

Tarixin hansısa səhifəsini vərəqləyib bir xalqın taleyinə yazılmış qəhrəmanlıq salnaməsinə diqqət yetirdikdə dəyişməyən bir həqiqətin şahidi olursan. Ən müqəddəs duyğu olan Vətənini sevmək, qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaq. Canını sipər edən o oğulların adları tariximizin silinməz səhifələrinə ədəbi  həkk olunublar. Belə oğullardan biri də Turxan Məmmədovdur. Əməkdaşlarımız ailəni ziyarət edəndə 1998-ci ildə anadan olan şəhidin cənnətdəki ilk ad günü- 23 yaşı qeyd olunurdu.

Üzündəki təbəssümü və cəsarəti ilə yaddaşlara həkk olunub 44 günlük Vətən müharibsənin 22 yaşlı qəhrəmanı Turxan Məmmədov. Vətənini ailəsindən, sevdiklərindən üstün tutan Turxanın onsuz keçən ilk doğum gününə də hər kəs toplaşmışdı, sadəcə məkan Şəhidlər xiyabanı idi.

Xəyal Ramazanova şəhidin anası: Turxan balaca vaxtından bütün uşaqlardan seçilirdi. Həmişə öz dəcəlliyi şirinliyi ilə. Çox fərqli uşaq idi. Yanımcıl idi. Böyüklərlə böyük kimi idi, hələ uşaqlıqdan kiçiklərlə də kiçik. Heç vaxt heç kimin qəlbinə xətrinə dəyməzdi.

Yaqub Ramazanov şəhidin babası:Uşaqlıqdan bir yerdə olmuşuq ta ki, əsgərliyə gedənə kimi. Əsgərdən qayıdandan sonra bağ sahəmizdə bir yerdə çalışırdıq. Elə ki, səfərbərlik əmri çıxanda gülə-gülə getdi. Onun umimiyyətlə qorxmazlığından çox danışırdılar. Bu uşaq heç nədən qorxmurdu. Kəşfiyyata gedəndə də birinci gedirmiş, komandirin yanında da hazır dururmuş ki, nə göstəriş verilsə tez Turxan yerinə yetirsin. Yəni elə bir uşaq. O ürəklə gedib müharibəyə.

Şəhidimizdən 2 yaş böyük olan qardaşı deyir ki, “şəhid qardaşı olmağın qüruru, fəxri tam başqadır.” Turxanla bağlı səsləndirilən hər bir fikir onu daha da güclü edir.

Məharət Məmmədov şəhidin qardaşı:Turxanla həmişə dost kimi olmuşuq, tək qardaş kimi olmamışıq. Küçədə də evdə də bir yerdə olmuşuq. Qürurverici bir hisdir bundan böyük bir hiss ola bilməz böyük qardaş üçün. Döyüş yoldaşları şücaəti haqqında əsas danışırdılar ki, həmişə önə atılmaq istiyirdi. Hər zaman döyüşə tələsirmiş. Eləcə irəli getmək istəyirmiş.

Sentyabrın 29-u Murovdağda, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olan Turxanın nəşi 72 gündən sonra tapılaraq dəfn edilib. İndi onun qəbri üstündə dalğalanan bayraq işğaldan azad edilən torpaqlarda düşmənə göz dağı verir. Şəhidimiz ölümündən sonra “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” və “ Vətən uğrunda”  medalları ilə təltif olunub.

Aişə Rzayeva