• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1685
— 07.08.2021 20:10

Şəhid Elməddin Mürsəlzadənin ev muzeyinin açılışı olub

KepezTV Player

Samux rayonunun Əhmədbəyli kəndində dünyaya göz açan Vətən Müharibəsinin şəhidi Mürsəlzadə Elməddin Cəsur oğlunun doğum günü qeyd edilib. Şəhidin məzarı başında ailə üzvləri, təhsil aldığı məktəbin kollektivi, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə, çıxış edənlər şəhidin vətənə bağlı olmasından, elmə, təhsilə hər zaman həvəsli olmasından, yüksək insani keyfiyyətlərindən söz açıblar. Daha sonra yaşadığı evdə ailəsi tərəfindən Elməddinin xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan ev muzeyinin açılışı olub. Burada şəhidin şəxsi əşyaları, keçdiyi döyüş yolunu əks etdirən fotoları, qonaqların ürək sözlərini yaza bilməsi üçün xatirə dəftəri yer alıb. Vəzifəsi kəşfiyyatçı-radiotelefonçu olan Elməddin Mürsəlzadə 2020-ci ilin oktyabrın 15-dən 16-na keçən gecə Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub.Ölümündən sonra " Vətən uğrunda ", “Cəbrayılın azad olunmasına görə” və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.

Cəsur Mürsəlzadə şəhidin atası: Bu gün oğlumun ad günüdür. Ötən il onun ad gününü birgə qeyd etmişdik. İndi cənnətdədir. Bu qədər insan, məktəb kollektivi onun doğum gününə yığışıb. Bir deyim var ki, övlad valideynlərə hər zaman borcludur.İndi tərsinədir. Amma mən düşünürəm ki, biz onlara borcluyuq.Çünki biz onların sayəsind yaşayırıq, onların sayəsində bayrağımız dalğalanır.

Əfsanə Mürsəlzadə şəhidin anası: Fəxr edirəm ki, balam bizi də, özünü də ucaltdı. Müharibə başlayanda deyirdi ki ana, bizi də çağırsaydılar gedərdik. Deyirdim ki, ay oğul, yeni qayıdıbsan, biz təkik. Ailəmiz təkdir. Deyirdi yox ana, şərəfsizlərdə istəmirik ki, qalsın torpağımız. Biz istəmirik torpağımız onlarda qalsın. Yoldaşım çağırış vərəqəsini gətirəndə, çox sevindi. Gülə-gülə getdi, eləcə saata baxırdı ki, vaxt tamam olsun. Mən gedim.

Ceyhun Mürsəlzadə şəhidin əmisi: Şəhidlik zirvəsi elə bir zirvədir ki, hər kəs o zirvəyə qalxmaq istəyər.Amma bu hər kəsə qismət olmur. Elməddin həmin zirvəni fəth etdi. Bütün şəhidlərimiz vətənin bütövlüyünü təmin etdilər, bizə qələbə sevinci yaşatdılar. Biz nə qədər ki, varıq həmin şəhidlər əbədi olaraq qəlbimizdə yaşayacaqlar.

Valeh Anaroğlu