• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 07.08.2021 20:06

Cənnətdəki ilk doğum günün mübarək...

KepezTV Player

Növbəti materialımızda Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan igidimiz Abdulla Paşayevdən danışacağıq. Adına inşa edilən bulağın böyük izdihamla açılışı elə doğulduğu günə təsadüf etdi.

Abdulla Paşayev 1998-ci il iyulun 24-də Gəncə şəhərində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə 42 nömrəli məktəbdə alıb, daha sonra 2017-2019-cu illərdə Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə oxuyub.

Abdulla Paşayev orta məktəbdə oxuyarkən əlaçı, müəllimlərinin sevimli şagirdlərindən olub. Həm də idmançı olan Abdulla məşğul olduğu boks üzrə yarışlardan zəfərlə qayıdıb sevindirərdi ailə üzvlərini. 44 günlük Vətən müharibəsində isə minlərlə igid Vətən oğlundan biri kimi düşmən üzərində zəfər çalıb bütün xalqımızı sevindirdi. Biz şəhid ailəsinin yanında olanda, Abdulla cənnətdəki ilk doğum gününü qeyd edirdi. Həmin gün hər kəs Abdullanın və bibisi oğlu şəhid Sahib Həsənovun adına açılan bulağın başına toplaşmışdı.Mərasimdə onların ailə üzvləri, yaxın qohumları, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin əməkdaşları iştirak edirdilər.

Abdulla atasını 11 yaşı olanda itirib. Əkiz qardaşı Rəhim ona həm qardaş, həm də ata olub. Bibiləri də hər zaman ailənin yanında olub, atasının yoxluğunu onlara hiss etdirməyiblər.

Şəhidimiz Abdulla Paşayevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar mükafatsız qalmayıb. Prezident İlham Əliyevin sərəncamları ilə, "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb. Doğma Qarabağımız üçün bu vətən illərdir şəhid verib. O vaxtdan bütün analar vətən sağ olsun deyir, atalar vüqarlı dayanır, şəhid yarları, övladları qəhrəmanları ilə fəxr edirlər... İndi uğrunda can verdiyimiz torpaq işğaldan azaddır. İndi şəhidlərimizin ruhu şaddır.

Nərgiz Əhmədqızı