• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1730
— 06.08.2021 20:44

Gəncədə qaz sayğacları dəyişdirilir

KepezTV Player

Gəncədə smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəzlənməsi prosesi aparılır. İstismar müddətini başa vuran ölçü cihazlarının yenilənməsi abonentlərə bir sıra üstünlüklər də verir. Ən azında adiyyatı qurumdan belə deyirlər. Prosesi əməkdaşlarımız da izləyib.

Gəncədə qazdan istifadə edən 85 mindən artıq abonent var ki, onların da əksəriyyətinin sayğacları smart tiplidir. 2011-ci ildə quraşdırılan bu sayğacların istifadə müddəti başa çatdığından yenidən mexaniki sayğaclarla əvəzlənir.

Turan Əmirxanlı sakin: Gəncə şəhərində yaşayıram, Təbriz 120 a ünvanında. Qaz sayğacımızın vaxtı bitmişdi. Müraciət etdim qaz idarəsinə. Onlar tez bir zamanda bizi qaz ilə təmin etdilər. Hal hazırda qazımız yanır.

Svetlana Zeynalova sakin: Bizim qazımız bitmişdi. Zəng etdik, yoldaşım getdi qaz idarəsinə. Bildirdi ki, kartı salırıq sayğac işləmir. Ordan da bildirdilər ki, istismar müddəti bitib. Ona görə də gəlib sayğacımızı dəyişdirdilər.

İstismar müddəti başa çatan sayğaclardn fərqli olaraq yeni quraşdırılanlarda əvvəlcədən ödəniş sistemi yoxdur. Yəni mexaniki sayğac ödəniş məbləği qurtardı, qaz da dayandı prinsipi ilə işləmir. Belə olan halda istifadə edilən qazın haqqının hansı formada ödənilməsi məsələsi gündəmə gəlir.

Gəncə Regional Qaz İstismar İdarəsindən bildirirlər ki, gün ərzində şəhərin müxtəlif ərazilərindən daxil olan müraciətlər əsasında 60-65 abonentin qaz sayğacları yenilənir.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: 4 və 6 kubmetrlik qaz sayğaclarının dövrü yoxlaması Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidməti tərəfindən 5 il müddətinə müəyyən olunmuşdur. 5 il tamam olduqdan sonra, həmin sayğaclar sökülüb, növbəti dövrü yoxlamağa göndərilməlidir. Bu gün də Gəncə şəhərində bu proses mütəmadi olaraq davam edir. Həmin smart tipli öncədən ödənişli qaz sayğacları sökülür, yerinə mexaniki sonradan ödənişli qaz sayğacları quraşdırılır.

Qaz sayğaclarının mexaniki tipliləri ilə əvəzlənməsinin abonentlərin rahatlığına hesablandığını bildirən idarə rəsmisi, yeni ölçü cihazlarının keyfiyyəti ilə fərqləndiyini də sözlərinə əlavə edib.

Azər Bayramov Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: Bu sayğaclar hamısı Standarlaşdırma və Meterologiya Dövlət Xidməti tərəfindən dövlət yoxlamasından keçirilib. Müasir tələblərə cavab verən sayğaclardır. Bu sayğacların üstünlüyü ondan ibarətdir ki, müəyyən vaxtlarda öncədən ödənişli qaz sayğacları qaz açılıb-bağlanarkən, və yaxud da qazın təzyiqi normadan artıq olduqda bloklanır. Ancaq mexaniki sayğaclarda belə hal müşahidə olunmur.

Gəncədə 23 000 abonentin mexaniki qaz sayğacı ilə təmin olunması başa çatdırılıb. Proses əhali və qeyri əhali qrupunu əhatə edir.

Valeh Anaroğlu