• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1649
— 06.08.2021 20:43

Tək ananın tək oğlu şəhid Elmar Cəfərov

KepezTV Player

Ananın gözünün ağı-qarası olan oğlu,şəhid Elmar Cəfərovdan danışacağıq. Döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək, ən ali zirvəyə yüksələn şəhidimizi gəlin daha yaxından tanıyaq.

Füzuli uğrunda gedən döyüşlərdə ən ali zirvəyə yüksələn şəhidimiz, elə o torpağın azad olunduğu gün, 17 oktyabrda son mənzilinə yola salınır. Anasının tək övladı, tək ümidi olan Elmarın Vətən sevgisi hər şeydən üstün olur. O, canını bu torpağa qurban edir.

Elmar Cəfərov 1995-ci il, mayın 2-də Gədəbəy rayonu Novoivanovka kəndində dünyaya göz açıb. 2 yaşı olanda atası ailəsini atıb getdiyindən anası onu çətinliklərlə böyüdür. Elmar böyüyəndə anasını yaxşı yaşatmaq, çəkdiyi bütün sıxıntıları, acıları unutdurmaq arzusuyla yaşayır. Ötən ilin sentyabrında Vətənin çətin günündə, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda mübarizə başlayanda isə Elmar Cəfərov bütün arzularını, xəyallarını unudub ana yurdun müdafiəsinə yollanır. Bu şərəfli yolda isə ən ali zirvəyə ucalır.

Elmarın sevdiyi nazlı yarı da var idi. Anasına ondan söz açmışdı. Anası da vaxt itirmədən, elçi gedib, üzük taxıb nişanlamışdı, yeganə oğlunu. Lakin, Elmara toy etmək qismət olmadı. Daha böyük amal uğrunda öz canını fəda etdi.

Elmar Cəfərov Aprel döyüşlərində də igidcəsinə iştirak edib yaralanmışdı. Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Vətən müharibəsində isə canı bahasına tarix yazdı.

Elmar Cəfərovun Vətən müharibəsindəki qəhrəmanlıqları mükafatsız qalmayıb. Prezident İlham Əliyev sərəncamları ilə ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub. Şəhidimizin anasının qarşısında baş əyir və bütün şəhidlərimizin ruhunun şad olmasını diləyirik...

Nərgiz Əhmədqızı