• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 15.07.2021 12:10

Əməliyyatlar keçirildi, "patı" satanlar saxlanıldılar

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyatlar keçiriblər. Əməliyyatlar İdarənin sosial şəbəkələrdəki hesablarına vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında təşkil edilib.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Astara rayonunda keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin ölkə ərazisinə qanunsuz yollarla gətirilməsini təmin etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Şıxəli Fətullayev saxlanılıb. Onun Astara rayonu ərazisində dağlıq və meşəlik sahədə gizlətdiyi yerdən ümumilikdə 5 kiloqram 385 qram heroin aşkar edilib.

Baş İdarə əməkdaşlarının Yevlax rayonunda həyata keçirdikləri digər bir əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz olaraq kultivasiya ilə məşğul olan Səbuhi Məmmədov saxlanılıb. Onun yaşadığı Aşağı Qarxun kəndindəki evinin həyətinə baxış zamanı 9 kiloqram 450 qram qurudulmuş marixuana və 7 kiloqram 800 qram yaş halda çətənə kolu aşkar olunub. Səbuhi Məmmədov çətənə kollarını satmaq məqsədi ilə xüsusi qulluq edərək yetişdirdiyini bildirib.

Daxil olan əməliyyat məlumatı əsasında Bakının Binəqədi rayonunda keçirilən daha bir əməliyyat zamanı isə paytaxt sakinləri Vüqar Hüseynov və Kamil Rəşidov saxlanılıblar. Onların üzərlərindən və Kamil Rəşidovun idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı ümumilikdə 9 kiloqram heroin və 1 kiloqram 50 qram “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı Vüqar Hüseynov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşının Binəqədi rayonu ərazisində əvvəlcədən yerləşdirdiyi yerdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Hüseynov həmyerlisi Kamil Rəşidovla birlikdə həmin narkotik vasitələri Bakıda müxtəlif ünvanlara qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satışını təşkil etməli imiş.

Yasamal və Xətai rayonlarında keçirilən əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Vüsal İbrahimov və Babək Ağayev saxlanılıblar. Həmin şəxslərdən, həmçinin, onların yaşadıqları ünvanlardan müvafiq olaraq 21 və 165  qram metamfetamin, eləcə də,  heroin aşkar edilib.

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuşlar Elşən Əyyubov və Samir Əliquliyev saxlanılıblar. Onlardan ümumilikdə 7 qrama yaxın narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Nərimanov rayonunda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan Azər Fətullayev tutulub. Üzərinə baxış zamanı ümumilikdəm 725 qram heroin və “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin aşkar olunub.

Yasamal, Xətai, Nizami, Nərimanov və Xəzər rayonlarında həyata keçirilən əməliyyatlar Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki yeni yaradılan səhifələrinə ayrı-ayrı vətəndaşlar tərəfindən göndərilən məlumatlar əsasında həyata keçirilib. Baş İdarə həmin məlumatları göndərən şəxslərə  təşəkkür edib.