• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 12.07.2021 19:55

Türkiyənin Azərbaycandakı səfiri Gəncəyə gəlib

KepezTV Player

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı başçılıq etdiyi nümayəndə heyəti ilə ilk dəfə Gəncəyə səfər edib. Səfir şəhər rəhbərliyi ilə görüşüb, eləcə də Gəncədə erməni terrorunun izləriylə tanış olub.

Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə iki dövlət bir millət olan Azərbaycan və Türkiyənin qardaşlığından, dostluğundan danışılıb. Qeyd olunub ki, bu gün dünyada Azərbaycan və Türkiyə kimi yaxın əməkdaşlığa malik ikinci bir dövlət yoxdur. Bu iki qardaş ölkə daim bir-birinin yanında olub və bu, hər zaman davam edəcək. Azərbaycanın haqlı davasında, 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi böyük dəstək məmnunla xatırlanıb. Görüşdə qarşılıqlı xatirə hədiyyələri təqdim edildikdən sonra qonaqlar Şəhidlər Xiyabanını ziyarət ediblər. Torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğulların ruhlarına dualar oxunub, qəbirləri önünə gül dəstələri düzülüb. Türkiyə səfiri və başçılıq etdiyi nümayəndə heyəti ikinci Qarabağ müharibəsi zamanı ermənilərin Gəncəni raket atəşinə tutuması nəticəsində dağılan evləri də ziyarət edib. Müharibə meydanından uzaqda mülki şəxslərin atəşə tutulması şiddətlə qınanılıb, şəhid olanlara rəhmət dilənib.

Azərbaycanın zəfərinin Türkiyənin də qələbəsi olduğunu vurğulayan səfir bu qalibiyyətin Türkiyənin hər bir nöqtəsində böyük qürur və fərəh hissli ilə qarşılandığını qeyd edib.

Qonaqlar Gəncədə bir sıra görüşlər də keçiriblər. Səfir Cahit Bağçı Gəncəyə səfərinin davamlı olacağını vurğulayıb.

Elnur Vahidoğlu