• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 878
— 06.07.2021 11:59

Sosial şəbəkələrdə "patı", "şüşə" satanlar tutuldular

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları genişmiqyaslı əməliyyatlar keçiriblər. Sosial şəbəkələrdə narkotik vasitələr və “patı”, “şüşə” adlanan psixotrop maddələr satan 9 nəfər saxlanılıb. Onlardan 30 kiloqramdan artıq narkotik vasitə və “Metamfetamin”, o cümlədən 4778 ədəd psixotrop tərkibli həb aşkar edilib. Əməliyyatlar barədə ətraflı süjetdə.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri əməliyyat zamanı paytaxt sakini, əvvəllər məhkum olunmuş Abdul Çopurov saxlanılıb. Üzərindən və yaşadığı evdən 12 kiloqramdan artıq heroin, 4 kiloqram 70 qram narkotik vasitə istifadəçiləri arasında “patı”, “şüşə” kimi adlanan psixotrop maddə “Metamfetamin” və narkotik vasitələrin satışı zamanı istifadə etdiyi elektron tərəzi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitə və psrixotrop maddələri satmaq məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyini deyib.

Yasamal rayonunda psixotrop tərkibli, satışı qadağan olunan həblərin satışı ilə məşğul olan paytaxt sakini Anar Məmmədov saxlanılıb. Onun üzərindən 10 ədəd “Tramadol”, 10 ədəd “Pregabalin”, 9 ədəd “Metadon” həbləri aşkar olunub. Əməliyyat tədbirlərinin davamı olaraq Məmmədovun Yasamal rayonunda yerləşən mənzilindən əlavə 680 ədəd “Metadon”, 20 ədəd “Pregabalin”, 80 ədəd “Tramadol”, 40 ədəd əsasən gənclər arasında satılması nəzərdə tutulan “Ekstazi” həbləri, 200 qrama yaxın olduqca təhlükəli psixotrop maddə hesab edilən “Mefedron” və 1 ədəd elektron tərəzi aşkar edilib. Anar Məmmədov ifadəsində əsasən sosial şəbəkələrdə narkotik vasitələrin satışını həyta keçirdiyini və satdığı psixotrop tərkibli həblərin pulunu onlayn yolla qəbul etdiyini bildirib.

Yasamal rayonunda keçirilən digər bir əməliyyat zamanı isə narkotik vasitələrin satışında şübhəli bilinən daha 2 nəfər – paytaxt sakinləri Aleksandr Naqorni və Sərxan Daşdəmirli saxlanılıblar.  Onların üzərlərindən və yaşadıqları evlərdən ümumilikdə 42 qrama yaxın “Metamfetamin”, kimyəvi tərkibli narkotik vasitə olan “Bonzai”, həmçinin 1295 ədəd satışı qadağan olunan “Preqabalin” və “Ekstazi” həbi, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin sosial şəbəkələrdə satışı zamanı nağdsız pul köçürmələrində istifadə etdyi plastik kart aşkarlanıb.

Paytaxtın Sabunçu rayonunda keçirilən sonuncu əməliyyat zamanı isə Raib Hüseynov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 400 qrama yaxın“Kokain”, “Metamfetamin”, “Bonzai”, “Marixuana”, eləcə də ümumilikdə 878 ədəd “Ekstazi”, “Pregabalin”, “Metadon” həbləri və 1 ədəd elektron tərəzi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.