• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1476
— 05.07.2021 19:17

İki elin ilk şəhidi

KepezTV Player

İndi haqqında söz açacağımız şəhid Seymur Bəylərov əslən Kəlbəcər rayonun Alı kəndindəndir, özü isə Samux rayonunun Qarayeri qəsəbəsində anadan olub. Seymur hər iki elin, obanın 44 günlük Vətən müharibəsində ilk şəhidi kimi adını tarixə yazdırıb.

Seymur Bəylərov 3 ilə yaxın müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. Tuşlayıcı operator olan Seymur bu müddət ərzində nizam-intizamı, qorxmazlığı ilə  komandirlərinin, hərbçi yoldaşlarının böyük hörmətini qazanıb. İkinci Qarabağ müharibəsi başlayanda Seymur da döyüşlərə ilk atılanlardan olub. Döyüş meydanında düşmənə sarsıdıcı zərbələr vurub, xeyli sayda canlı qüvvəsini, texnikasını məhv edib.

Seymur Bəylərov torpağa bağlı insan olub. Yaxınlarının sözlərinə görə, o, Kəlbəcərdə doğulmasa da, ata-baba yurdu ilə nəfəs alırmış. Tək arzusu Kəlbəcəri, İstisuyu görmək olub. Ailədə 4 uşaqdan son beşiyi olan Seymur yaşının azlığına baxmayaraq, hər zaman qardaş-bacılarına arxa-dayaq olub.

Bu gün bütün Azərbaycan xalqı Seymurla fəxr edir. Torpaqlarımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda öz ömründən pay verən, öz sağlamlığından keçən hər bir qəhrəman Vətən oğlu bizim iftixar mənbəyimizdir.

 

Elnur Vahidoğlu