• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 902
— 01.07.2021 19:25

Ələt Azad İqtisadi Zonası bir il sonra investorları qəbul etməyə hazır olacaq

KepezTV Player

Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək.

Dövlət başçısı diqqətə çatdırıb ki, son illərdə dünyada cərəyan edən iqtisadi və maliyyə böhranı investisiyaların həcmini də azaldıb. Pandemiya işimizə müdaxilə etdi və bizim planlarımızı bir qədər təxirə saldı. Ancaq indi pandemiya həm ölkəmizdə, həm də bir çox ölkələrdə səngiyir. Belə bir tarixi məqamda bu addımı atmaq, həm böyük cəsarət tələb edir, həm də bizim inamımıza əsaslanır.  Azərbaycan Prezidenti Azad İqtisadi Zonanın niyə Ələtdə yaradılmasına aydınlıq gətirib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: İlk növbədə, Ələt qəsəbəsinin ərazisində böyük boş torpaq sahələri var və bu torpaq sahələrinin mütləq əksəriyyəti kənd təsərrüfatı üçün yararsız torpaqlardır. Digər tərəfdən, Ələt qəsəbəsi Bakı şəhərinə yaxındır. Bu da vacib şərtlərdən biridir. İnfrastruktur layihələrinin icrası üçün artıq bütün ilkin şərtlər vardır. Səngəçalda 300 meqavat gücündə elektrik stansiyası mövcuddur və infrastruktur layihələrinə qoyulan xərclər də nisbətən az olacaq. Burada Beynəlxalq Dəniz Limanı yerləşir. Bu da iqtisadi zonanın fəaliyyəti üçün önəmli amillərdən biridir. Hesab edirəm ki, Ələtin inkişaf perspektivi də çox uğurlu ola bilər. Əgər bu zona istədiyimiz kimi formalaşsa, - mən buna əminəm, - bu bölgənin inkişaf dinamikası ümumi inkişafımıza da böyük müsbət təsir göstərəcək. Bax, bu amillər bu yerin seçilməsində əsas rol oynamışdır. Eyni zamanda, buradan bizim beynəlxalq dəhlizlərimiz də keçir. Şərq-Qərb dəhlizi, Şimal-Cənub dəhlizi Ələtin ərazisindən keçir. Ona görə logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Məhz buna görə Ələt bu məqsədlər üçün seçilmişdir.

Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir - deyən dövlət başçısı investorları bu Azad İqtisadi Zonaya nəyin cəlb edəcəyindən də danışıb.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb. Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik. Çünki bunu etsək, investorları qaçırdacağıq. Yəni, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb. Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək.

Azərbaycanda çox güclü kadr potensialı yaradılıb. Dövlət xətti ilə minlərlə gənc dünyanın aparıcı ali məktəblərində oxuyub. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq intellektual potensialın inkişafına xidmət göstərirlər. Kadr potensialı olması da investorları cəlb edəcək. Xarici şirkətlər Azərbaycanda daha çox podratçı kimi fəaliyyətə cəhd göstərirlər. Yəni, Azərbaycanda daha çox pul qazanmaq istəyirlər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Azad İqtisadi Zona bir ildən sonra - gələn ilin iyul ayında investorları qəbul etməyə hazır olacaq. O vaxta qədər həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçiriləcək.Biz etiraz etmirik. Çünki indi biz hətta azad edilmiş torpaqlara xarici podratçıları, kontraktorları cəlb edirik. Ancaq biz istəyirik ki, xarici investorlar Azərbaycana sərmayə qoysunlar. Çünki dövlət sərmayəsi artıq öz rolunu oynayıb. Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir.

Azad İqtisadi Zona bir ildən sonra - gələn ilin iyul ayında investorları qəbul etməyə hazır olacaq. O vaxta qədər həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçiriləcək.