• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 26.06.2021 12:34

Qəhrəman vətən övladlarına təltifləri təqdim edilib

KepezTV Player

Vətən uğrunda savaşıb, yağı düşmənə qan udduran, bu yolda sağlamlığından olan qəhrəman övladlara təltif edildikləri medallar təqdim olunub. Müharibədə canından keçən igidlərimizin medalları isə ailə üzvlərinə verilib. Qərb bölgəsinin bir sıra şəhər və rayonlarında baş tutan tədbirləri ekranlarınıza gətiririk. İzləyək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsi tərəfindən 26 iyun Silahlı Qüvvələr gününə həsr olunan bayram tədbiri keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edib, ruhuna ehtiram nümayiş etdiriblər. Bayram tədbirində çıxış edən Xidmətin Kəpəz rayon şöbəsinin rəisi polkovnik-leytenant Elşən Abbasov Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində parlaq qələbəsindən, xalqla ordunun vəhdətindən söhbət açıb. Tədbirdə şəhidlərə Allahdan rəhmət, sağlamlığından olanlara şəfa, müharibə iştirakçılarına isə can sağlığı arzulanıb. Vətən müharibəsində qəhrəmanlıqlarına görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medalları təqdim olunub.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsi tərəfindən keçirilən tədbir də 26 iyunun bayram edilməsi bardədə qərar qəbul edən ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Xidmətin Nizami rayon şöbəsinin rəisi mayor, Lətif Heydərov ölkədə ordu quruculuğu, hərbi xədmətə yola salma, silahlı qüvvələrin komplekləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Orduda xidmət edən hərbi qulluqçuların mənəvi-psixoloji ruhunun yüksək olması, müasir silahlarla təchizatın Vətən müharibəsində qələbəni şərtləndirdiyinə diqqət çəkilib. Həyata keçirilən “Dəmir yumruq” əməliyyatının işğala son qoyaraq, düşmənin məğlubiyyəti ilə nəticələndiyi vurğulanıb. Çıxışlarda ölkədə xalq-iqtidar birliyinin hərbi əməliyyatların davam etdiyi günlərdə qabarıq şəkildə özünü biruzə verdiyi, hər bir vətəndaşın orduya və dövlətə dəstəyinin nümayişinə çevrildiyinə toxunulub. Tədbirin sonunda qəhrəmanlıqları ilə seçilən vətən oğlullarına təltif edildikləri orden və medalları təqdim edilib.

Göygöldə reallaşan bayram tədbirinin iştirakçıları öncə ümummili lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik-leytenant Rüfət Məmmədov  şəhidlərə ehtiram, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğından danışıb. Vətən uğrunda müharibə zamanı canından keçən, qazi olan hərbçilərin qəhrəmanlıqlarının zəfər tarixinə yazıldığı vurğulanıb. Bu il silahlı qüvvələr gününün qalib ölkənin vətəndaşları olaraq keçirməyin qürurverici olduğuna diqqət çəkilib. Dövlət başçısı tərəfindən bu qəbildən olan vətəndaşları orden və medallarla təltif etməsi, sosial müdafiəsini gücləndirməsi minnıtdarlıqla qarşılanıb. Tədbirin sonunda dövlət təltifləri sahiblərinə təqdim olunub.

Şəmkirdə də şəhid ailələrinə, qazi və müharibə iştirakçılarına orden və medallar təqdim edilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin rəis müavini mayor Zaur Quliyev 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi qələbənin milli qürur mənbəyi, çox şərəfli tarix olduğuna diqqət çəkib. Şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının bütün qayğılarının diqqət mərkəzində saxlanıldığı, onların sağlamlığı, sosial müdafiəsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət siyasətinin həyata keçirildiyi vurğulanıb. Eyni zamanda şəhidlərimizin, igid döyüşçülərimizin döyüş yolu öyrənilir və onlar göstərdikləri şücaətlərə görə qiymətləndirilir, təltif olunurlar. Sonra şəhidlərin valideynlərinə və döyüşçülərə layiq görüldükləri orden və medallar təqdim edilib.

Silahlı qüvvələr günü münasibətilə Samuxda da analoji tədbir reallaşıb. Dahi şəxsiyyət Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsinin rəisi mayor Səbuhi Abdullayev bayram münasibətilə təbriklərini çatdırıb. Yaradıldığı 103 il ərzində tarixi qələbə qazanan Azərbaycan ordusunun dünyada güclü ordular sırasında yer aldığını vurğulayıb. Çıxışlarda müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin məhv edilərək işğala son qoyulduğu, Qarabağın Azərbaycana qovuşduğu vurğulanıb. Qəhrəman oğulların qanı və canı bahasına əldə edilən qələbədə pay sahibi olanlara və onların ailə üzvlərinə dövlət başçısı tərəfindən təltif edildikləri orden və medalları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.