Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı keçirilib. Yarışda iştirak edən sərbəst güləş millimiz 3 gümüş və 1 bürünc medal əldə edib. Komandamıza medal qazandıranların 3-ü Gəncə güləş məktəbinin yetirməsi olub.
Qitə yarışında Nizami yurdundan 48 kq çəkidə Musa Verdiyev, 51-də Cavid Cavadov və 60 kq-da Abdulrəhman İbrahimov Bolqarıstanda mükafatçılar sırasına düşməyi bacarıb. Hər 3 güləşçi vətənə gümüş medalla dönüb. Gəncəli idmançılardan Cavid Cavadov Avropa çempionatında erməni rəqibini üstələyərək finala yüksəlsə də, zədələndiyi üçün həlledici görüşü çıxmayaraq ikinci olub.
Doğma Gəncəyə qayıdan Avropa çempionatının mükafatçıları Heydər Əliyev parkının girişindəki Zəfər tağının önündə qarşılanıb. Pəhləvanları məşqçiləri, dostları, ailə üzvləri və idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda Vətən müharibəsində qazi olan hərbçilərimiz qarşılamağa gəliblər. Qitə yarışında hər 3 pəhləvanın nailiyyəti yüksək qiymətləndirilib. Onların gələcəkdəki turnirlərdə daha böyük uğurlar əldə etmələri arzulanıb. Həmçinin döyüş meydanındakı kimi xalça üzərində də ermənilərə qalib gəlməyimizin böyük zəfərin davamı olduğu vurğulanıb.
Qarşılanma mərasimindən sonra Avropa çempionatında fəxri yerlər tutan güləşçilər şəhidlər xiyabanını ziyarət ediblər. Burada Gəncə şəhidlərinin xatirəsinə ucaldılan abidə kompleksinə əklil və tər qərənfillər qoyulub, vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib.
- Baxış: 793