Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyta keçirən 27 nəfər saxlanılıb. Onlardan 7-si qadındır.
Rəhbərləri xarici ölkələrdən birində olan və ümumilikdə 32 nəfərdən ibarət olan narkotik vasitələrin onlayn satışı ilə məşğul olan növbəti şəbəkənin mövcud olması barədə Baş İdarəyə daxil olan əməliyyat məlumatları əsasında silsilə tədbirlər həyata keçirilib. Nəticədə əməliyyat zamanı onlayn yolla narkotik vasitə və psixotrop maddələrin Azərbaycan ərazisində satışını təşkil edən mütəşəkkil dəstənin 27 nəfər üzvü saxlanılıb, 5 nəfər isə axtarışdadır. Araşdırma zamanı müəyyən edilib ki, adları istintaqa məlum olan və xaricdə yaşayan dəstənin rəhbərləri narkotiklərin onlayn satışını həyata keçirən şəbəkə yaradıblar. Dəstə üzvləri müxtəlif üsullardan istifadə edərək verilən tapşırıqlar əsasında narkotik vasitələri Bakı şəhəri və respublikanın müxtəlif yerlərində yerləşdiriblər. Sonradan şəbəkəyə daxil olan narkokuryerlər həmin yerlərin şəklini çəkib “Whatsapp” ani mesajlaşma sistemi ilə dəstə başçılarına göndəriblər.
İfşa edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
- Baxış: 824