Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunun “Cənubi Qafqaz: sülh və əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində çıxış edib. Ceyhun Bayramov son aylarda Cənubi Qafqazın təhlükəsizlik mənzərəsində baş verən tarixi dəyişikliklər, bölgədə Ermənistanın güc yolu ilə beynəlxalq hüququ pozaraq və öz xeyrinə istifadə edərək yaratdığı “reallığı” əvəz edən qanun və ədalətin bərpa olunmasından danışıb. Azərbaycan ərazilərinin 30 ilə yaxın davam edən hərbi işğalına son verilməsi ilə regional dinamikanın əhəmiyyətli şəkildə dəyişildiyi, bölgənin hər üç ölkəsi üçün, eləcə də qonşularımız və tərəfdaşlarımız üçün əməkdaşlıqdan faydalanmaq perspektivlərinin yarandığını qeyd edib. Nazir, 10 noyabr üçtərəfli bəyanatın imzalanmasından sonra, qısa bir müddət ərzində Azərbaycan tərəfindən atılmış addımlardan danışaraq, Ermənistanla münasibətlərini normallaşdırmaq üçün əsl niyyətini nümayiş etdirdiyini iştirakçıların diqqətinə çatdırıb. Ermənistanın isə hərəkətlərində və ritorikasında müşahidə olunan revanşizmin narahatlıq doğurduğu qeyd olunub. Nazir, Ermənistanın sərhədlərin güclə dəyişdirilməsində uğur əldə edə biləcəyi xəyalından əl çəkməli olduğunu və beynəlxalq hüququ kobud şəkildə pozaraq əsassız ərazi iddialarına güvənməyin fəlakətə məhkum olduğunu fikrini səsləndirib.
- Baxış: 419