Yeni tədris ilinə Gəncədə daha 6 məktəbin əsaslı təmirdən sonra qapıları müəllim və şagirdlərin üzünə açılacaq. Təhsil Nazirliyinə edilən müraciətdən sonra tədris ocaqlarında təmir və tikinti işlərinin həyata keçirilməsi qərara alınıb. Eləcə də 10 nömrəli məktəbi yenidən tikilir.
Bura Puşkin adına 9 nömrəli orta məktəbin sinif otaqlarından biridir. Sinif otaqları təmirsiz, pəncərələri sınıqdı. Həmçinin sinif otağı çox darısqaldır. Şübhəsiz ki, bu cür sinif otağında dərs keçmək isə olduqca çətindir.
85 yaşı olan məktəbin hərbi hospitaldan tədris ocağına çevrilməsi burada dərslərin uyğunlaşdırılmış binada keçirilməsini labüd edirdi. 3 mərtəbədən və yardımçı tikilidən ibarət məktəbdə u günə kimi əsas təmir işlərinin aparılmaması tədrisin keyfiyyətinə də təsirsiz ötüşmürdü. Bu baxımdan 568 şagirdin təhsil aldığı məktəbin yenilənməsinə ciddi ehtiyac duyulur.
9 nömrəli məktəbin qonşuluğunda yerləşən Nizami Gəncəvi adına 11 nömrəli orta məktəbin binası da ürəkaçan vəziyyətdə deyil. 950 şagirdin təhsil aldığı 4 mərtəbəli bina 60 illik mövcudluğu dövründə bir dəfə də olsun təmirə dayanmayıb. Vəziyyəti bu məktəblərdən heç də geri qalmayan daha 4 məktəbdə də tədrisi günün tələbləri səviyyəsində aparmaq çətinlik yaradır.
Uzun müddət idi qəzalı vəziyyətdə olan Məhəmməd Hadi adına 10 nömrəli orta məktəb üçün isə yeni bina tikilir. 760 şagird yerlik təhsil oacağı hər biri 3 mərtəbəli olmaqla 4 korpusdan ibarət olacaq. Tikintidə hörgü işləri yekunlaşdıqdan sonra daxildə suvaq işlərinə başlanılacaq.
Məktəbin 2 idman zalı, bufeti, 40-a yaxın sinif otağı olacaq, qazanxana, transfarmator və 50 tonluq su anbarı da inşa ediləcək. Bütün işlərin dekabr ayına kimi yekunlaşdırılması nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 434