“COVID-19 pandemiyası dünya üçün misilsiz çağırışlar yaradıb. “Peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişafda olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı qeyri-bərabərlik bizi dərindən narahat etməkdə davam edir”. İslam Əməkdaşlıq Təşkilatının Elm və Texnologiya üzrə onlayn formatda ikinci Zirvə toplantısında videoformatda çıxış edən Prezident İlham Əliyev deyib ki, beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşmüşdür. “Biz bir daha inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə zəruri maliyyə yardımı göstərməyə çağırırıq”, - deyən dövlət başçısı çıxışında Ermənistanın işğalçılıq siyasətinə də toxunub, Vətən müharibəsindən, Ermənistanın məğlubiyyətindən danışıb.
İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: “Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. Ermənistanın işğalı altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib. Mən həmkarlarıma bizim şəhər və kəndlərimizin işğaldan əvvəl və sonrakı vəziyyəti ilə bağlı qısa məlumat və fotoşəkillərdən ibarət təsviredici kitab göndərəcəyəm. Orada Azərbaycanın dini və tarixi abidələrinin tamamilə məhv olunması və darmadağın edilməsi öz əksini tapıb. ...Biz Ermənistanın İslam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün İslam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz. Bugünkü Zirvə toplantısının mövzusu elm və texnologiya olduğundan, vurğulamaq istərdim ki, ölkəmizin elmi və texnoloji potensialının gücləndirilməsi bizim başlıca prioritetlərimiz sırasındadır. Azərbaycan beynəlxalq kosmik klubun üzvüdür. Bu gün bizim ikisi telekommunikasiya, biri isə Yer səthinin müşahidəsi üçün istifadə olunan üç peykimiz var. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib. Bu, beynəlxalq kosmik icma tərəfindən Azərbaycanın bu sahədə nailiyyətlərinin tanınmasının təzahürüdür. ... Mən işğaldan azad olunmuş bütün əraziləri yaşıl enerji zonası elan etmişəm. Biz bərpa və yenidənqurma işlərində ən müasir və innovativ texnologiyalardan istifadə edəcəyik. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları tətbiq olunacaqdır. Biz qardaş İƏT dövlətlərindən olan şirkətlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yenidənqurma prosesində iştirakını görmək istərdik”.
- Baxış: 733