Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonuna səfərə gəliblər. Dövlətimizin başçısı və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyevə hava limanında görülən işlər barədə məlumat verilib. Prezident və birinci xanım Mehriban Əliyeva Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub.
Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsinin hazırlandığını deyən Azərbaycan Prezidenti bütün su ehtiyatlarının, çayların, göllərin, su anbarlarının - bu sərvətin indi əlimizdə olduğunu bildirib. "Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır", - deyə dövlət başçısı vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tikilən “Füzuli” yarımstansiyasının açılışında iştirak ediblər. Prezident yarımstansiyasını işə salıb. Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. İnşa edilən yeni aeroportun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya hava limanı da daxil olmaqla Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Füzuliyə səfər çərçivəsində Prezident həmçinin Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda görülən işlərlə tanış olub. Ali Baş Komandana avtomobil yollarında tikinti işlərinin gedişi barədə məlumat verilib. 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq.
Azərbaycan Prezidenti Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə görülən işlərlə tanış olub, körpünün texniki göstəriciləri barədə məlumat alıb. Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub.
- Baxış: 409