• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 985
— 10.06.2021 16:57

Güclü leysan fəsad törətdi

KepezTV Player

Ötən gün qərb bölgəsinə yağan güclü yağış, leysan bir sıra fəasdlar törədib. Gəncədə evləri su basıb, Göygöldə isə yük avtomobili çayda batıb. Bundan başqa sel yollara hərəkəti çətinləşdirib.

Gəncədə leysanın yaratdığı fəsad daha çox Məhsəti qəsəbəsində özünü biruzə verib. İlham Hüseynov küçəsində yollar keçilməz olub. Evlərin həyətləri, zirzəmiləri yağış sularının altında qalıb. Ev sahiblərinin sözlərinə görə, şəhərə hər yağış yağanda küçədə belə mənzərə qaçılmaz olur. Problemlə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, heç bir tədbir görülməyib. Gəncə Şəhər İcra Hakimiyyətinin qaynar xəttinə edilən müraciətlər də cavabsız qalıb.

Səbuhi Əliyev  sakin: Dünən yağan yağış burada 10-15 ev var hamısını batırıb, evlərin içi sudu. Hər yağış yağanda bu gündəyik. İcra Hakimiyyətinə də getmişik, bələdiyyədə demişik hamısı deyir vəsait yoxdu heç nə edə bilmərik. Gəlib baxırlar yağış kəsdi qurtardı. Yardım edən yoxdu ki, bunu necə edək.

Ötən gün Göygöl rayonuna yağan güclü leysan burada da bir sıra fəsadlara yol açıb. Rayon ərazisindən keçən Gəncəçayında “Zil” markalı avtomobil batıb. Selin gətirdiyi ağac və daş qırıntıları avtomobilin ön hissəsinin şüşəsini tamami ilə sıradan çıxarıb.

Rayon sakini 62 yaşlı İlham Hüseynov çay daşı yığmaq məqsədilə maşını Gəncəçayının məcrasına salıb. Lakin çaydan keçən güclü su axını nəqliyyat vasitəsini ərazidən bir neçə metr sürükləyərək aparıb. Çayda qalan maşının çıxarılması istiqamətində əraziyə kömək qüvvəsi və texnika cəlb olunub.

İlham Hüseynov sürücü: Dünən günortadan sonra nəvələrimi götürdüm bizim həmişə gəldiyimiz yerdi. Həmdə bir az qara daş lazım idi ev tikdiririk. Maşını saldım suya çıxmadı. Axşam hava qaraldı getdik evə, gecədə oğlum gəldi baxı gördü ki, qabaq ayna ilə bərabər su gedir.

Yağan yağış Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində də ciddi fəsad yaradıb. Avtomagistralın 7-33-ci kilometrliyində yol kənarından  torpaq, çınqıl hərəkət hissəsinə tökülüb. Səhər saatlarından əraziyə cəlb olunan texnikalar və canlı qüvvə təmizləmə işləri aparıb.

Şəmsi Nəcəfov 24 nömrəli Yol İstismar MMC-nin baş mühəndisi: Axşamnan başlıyan güclü leysan yağışları xidmət etdiyimiz avtomobil yollarında müəyyən ziyanlar vurub. Yolun üst mailliyindən torpaq, daş tökülüb. Keçici boruların giriş çıxışları tutulub. Səhər 5-dən idarənin bütün texnikasını əraziyə çıxarmışıq. Günün axırına kimi fəsadları aradan qaldıracağıq.

24 nömrəli Yol İstismar MMC-nin xidmət etdiyi 165 km yolda hərəkət tam bərpa olunub, rayonun kəndlərinə gediş gəliş bərpa edilib və heç bir ləngimələr olmayıb.

Elnur Vahidoğlu