• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 04.06.2021 12:25

Gəncə gənc tədqiqatçıların beynəlxalq konfransına ev sahibliyi edir

KepezTV Player

Gəncədə iqtisadiyyat və idarəetmə sahəsində magistr və doktorantların beynəlxalq elmi konfransı işə başlayıb. "Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub. Tədbir iştirakçıları əvvəlcə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, qəbri üzərinə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra Gəncənin Şəhidlər Xiyabanında Vətənin azadlığı və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimiz ziyarət edilib, xatirələri yad olunub. Heydər Əliyev Park-Kompleksində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb. Daha sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanışlıq olub. “Nizami Gəncəvi və davamlı inkişaf” beynəlxalq konfransına 34 ölkədən 700-ə yaxın iştirakçı qatılıb. 66 bölmədə 444 və 16 “Workshop”da 65 məruzə dinləniləcək, ölkəmiz üçün xüsusi aktuallıq kəsb edən ciddi məsələlər müzakirə ediləcək. Tədbirin açılış mərasimində iqtisadiyyat naziri Mikayıl Cabbarov onlayn şəkildə qatılıb. Beynəlxalq konfransda, həmçinin təhsil naziri Emin Əmrullayev, Gəncə şəhər rəhbərliyi, bir sıra ali məktəblərin rektorları iştirak edirlər.