İkinci Qarabağ müharibəsi bir daha Azərbaycan xalqının əzmini, iradəsini bütün dünyaya göstərdi və bu şanlı Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan xalqı müzəffər xalq kimi qürur hissi ilə yaşayacaq. Prezident İlham Əliyev Ağdamda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə belə deyib. Ermənistanın öz təxribatçı əməllərindən əl çəkmədiyini vurğulayan dövlət başçısı təhlükəsizliyə zərrə qədər təhlükə olduğu halda düşmənin yerindəcə məhv ediləcəyini bəyan edib.
Ermənistan dövlətinə və faşizmə qarşı müharibədə qazanılan qələbədən danışan Prezident İlham Əliyev diqqəti son günlər ermənilərin sərhəddə törətdikləri təxribatlara çəkib.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Son günlər ərzində Azərbaycan-Ermənistan sərhədi ərazisində Ermənistan ordusu tərəfindən törədilmiş təxribat, təbii ki, cavabsız qalmamalı idi və qalmadı. Növbəti dəfə rəzil oldular, növbəti dəfə biabır oldular. İndi görün, bütün dünya bunlara gülür. Baş nazir bir versiyanı deyir, baş qərargah rəisinin müavini başqa versiya deyir, özü də bir gündə. Bu versiyalar da yalandır. ..Açıq etiraf edirlər ki, öz dövlətini, öz sərhədlərini qoruya bilmirlər. Günahı biri-birinin üstünə atırlar - indiki hakimiyyət köhnə hakimiyyətin üstünə, köhnə hakimiyyət indiki hakimiyyətin üstünə. Amma, əslində, onların hamısı günahkardır. Çünki onlar böyük səhv etdilər. Onlar düşünmürdülər ki, bu dərəcədə aciz vəziyyətə düşəcəklər və onların bütün bəlalarının səbəbkarları da özləridir.
Prezident xalqı ermənipərəst açıqlamalara əhəmiyyət verməməyə çağırıb
Azərbaycanın isə dövlət sərhədlərini möhkəmləndirəcəyini və sərhəddə möhkəmlənəcəyini diqqətə çatdıran dövlət başçısı bu məsələdə heç bir təziqin keçərli olmayacağını vurğulayıb. Bəzi ermənipərəst dairələrin və ölkələrin açıqlamalarına əhəmiyyət verməməyi məsləhət görüb.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bu gün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. Qırx dörd günlük müharibə və müharibədən sonrakı dövr, – altı ay artıq keçibdir, - bir daha göstərdi ki, kim kimdir, kim nəyə qadirdir. Biz də bir çox məsələləri xüsusilə beynəlxalq müstəvidə özümüz üçün yəqin etdik və bu, bizə gələcəkdə düzgün qərar qəbul etməyimizə kömək göstərəcəkdir.
Ağdam dünya üçün nümunə olacaq
Azad edilmiş torpaqlardan ilk olaraq Ağdamın Baş Planın təsdiqlənib, Şuşa şəhərinin Baş Planı hazırlanır, Füzuli, Cəbrayıl, digər şəhərlərin Baş Planları üzərində isə iş gedir. 100 min nəfər əhali üçün planlaşdırılan rayon mərkəzi və 33 kənd kənd təsərrüfatının inkişafı təmin ediləcək. Bunun üçün hər ailəyə 18 sotdan həyətyanı sahə veriləcək, fermer təsərrüfatları yaradılacaq, meliorativ tədbirlər görüləcək. Prezident İlham Əliyev vurğulayıb ki, Ağdam şəhəri və bütöv rayon dünya üçün nümunə olacaq.
- Baxış: 772