Xarici İşlər Nazirliyi də Ermənistan silahlı qüvvələrinin sərhədin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı barədə məlumat yayıb. Qeyd olunur ki, Ermənistan tərəfindən bir müddətdir ki, iki ölkənin sərhədyanı ərazilərində qəsdən gərginliyin artırılması siyasəti həyata keçirilir. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun Azərbaycan ərazisinə keçməsi və ərazini minalama və digər diversiya cəhdləri terror-təxribat əməli kimi qiymətləndirilir. "Azərbaycan Ermənistanın illər ərzində basdırdığı minalardan əziyyət çəkdiyi halda, Ermənistanın diversant qrupu tərəfindən Azərbaycan ərazisində həyata keçirilən diversiya və keçid yollarını növbəti minalama cəhdləri Azərbaycan hərbçilərinin və gələcəkdə mülki insanların həyatı üçün ciddi təhlükə ola bilərdi. Azərbaycan, Ermənistan-Azərbaycan dövlət sərhədində gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasının tərəfdarıdır və iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə əlaqədar beynəlxalq ictimaiyyətin çağırışlarını dəstəkləyir. Azərbaycanın sərhədlərinin pozulmasına yönəlik cəhdlər yolverilməzdir. Ermənistan iki ölkənin sərhədində gərginliyin artırılmasına yönəlmiş əməllərdən çəkinməli və qonşu dövlətin sərhədlərinə hörmətlə yanaşmalıdır", - deyə XİN-dən vurğulanıb. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva qeyd edib ki, Ermənistanın təxribat qrupunun Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olmaq cəhdi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın pozulması deməkdir.
- Baxış: 410