Gəncədə “dostlar” tənha qadının evinə girib oradan külli miqdarda oğurluq ediblər. Hadisənin üstünü Şəhər Baş Polis İdarəsi Nizam rayon Polis İdarəsinin əməkdaşları açıblar. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.‸
Aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər ərazisində vətəndaşa məxsus mənzili yaranlar əvvəllər məhkum olunmuşlar - Gəncə şəhər sakini İsmayıl Bağırov və paytaxt sakini Zaur Cəfərovdur. Hadisənin isə maraqlı tarixçəsi olub. Belə ki, keçmişdə məhkum yoldaşı olan İsmayıl və Zaur Bakıda təsadüfən qarşılaşırlar. Cəfərov anasının xəstə olduğunu, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu deyir. İsmayıl Bağırov isə “kömək əlini” özünəməxsus şəkildə uzadır. Gəncədə qonşuluğunda tənha qadının yaşadığını, həftə sonları evdə olmadığını deyir. Beləcə, “dostlar” Bakıda plan qurub Gəncəyə oğurluğa gəlirlər.
Anasının xəstə olduğunu uyduran Zaur Cəfərovun bəlkə də anası yaşda olan qadının evindən ələ keçirdiyi qənimət 200 manat nağd pul və 18 000 manat dəyərində müxtəlif qızıl-zinət əşyaları olub.
Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 826