• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 21.05.2021 16:01

"Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq"

KepezTV Player

Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələrini yüksək dəyərləndirən Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla vaxt itirdi. Bugünkü Ermənistanın vəziyyəti müstəqilliyinin ilk illərində olduğundan daha ağırdır. Azərbaycan isə gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

Azərbaycan artıq çox mühüm təklif və təşəbbüslərlə çıxış edib. Kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlı iş artıq başlayıb və Bakı bu məqsədlə texniki və maliyyə imkanları ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.

Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdəki layihələrdən danışarkən qeyd edib ki, builki yenidənqurma işlərinə büdcədən 1,3 milyard dollar ayrılıb və beynəlxalq banklardan kredit almaq planlaşdırılmır. Azərbaycanın dəyərləndirdiyi investisiya yatırmaq imkanlarıdır. Çünki işğaldan azad edilmiş ərazilərdə investisiya yatırmaq üçün çoxlu imkanlar var. Prezident İlham Əliyev “Ermənistanda bəlkə də siyasətçilərin başa düşmədiyini erməni xalqının anlaması üçün dost əlini uzatmaq məqsədilə ən konkret təklif nə olardı?” sualını cavablandırarkən vurğulayıb ki, uzun illər ərzində Ermənistan siyasi isteblişmenti Azərbaycanı iblisləşdirirdi, onlar ictimai rəyi çaşdırırdı, Azərbaycanla bağlı tamamilə qeyri-real mənzərə yaradırdı.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar. Onlar hətta 44 günlük İkinci Qarabağ müharibəsi zamanı da yalan danışırdılar. Deyirdilər ki, döyüşü udurlar, deyirdilər ki, yeni əraziləri nəzarətə götürürlər və de-fakto hamı bilirdi ki, döyüş meydanında bunun tam əksi baş verirdi. Beləliklə, birincisi, onlar reallığı çox aydın şəkildə başa düşməlidirlər. Regionda yeni reallıq yaranıb, daha dəqiq desəm, Azərbaycan tərəfindən yaradılıb və Ermənistan, onun cəmiyyəti bu reallığa uyğunlaşmalıdır. Onlar öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Müstəqilliklərinin əvvəlindən bütün liderlər ölkələrini fəlakətə sürükləyirdi. Müharibə vaxtı baş verənlər ədalətin qələbəsi, beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Ona görə də onlar, ilk növbədə, nə etməlidir, onlar Azərbaycanı iblisləşdirməyə son qoymalıdırlar. İkincisi, onlar qisas almaq üçün hətta sözdə olsa belə, hər hansı cəhddən tamamilə çəkinməlidirlər. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində bu revanşist hisslər geniş yayılıb. Hazırda onlar parlament seçkiləri ərəfəsindədirlər. Biz gərginliyin yüksəldiyini görürük və bir-birini aradan qaldırmağa hazır olan bütün siyasi qüvvələri birləşdirən yeganə amil azərbaycanofobiyadır. Onlar tamamilə əks təsir göstərən, Ermənistanın həqiqətən də müstəqil olmasına imkan verməyən bu siyasəti davam etdirirlər.

Ermənistan Azərbaycan torpaqlarının işğalı səbəbindən siyasi, iqtisadi, hərbi cəhətdən tamamilə asılı ölkədir. Əgər işğal olmasaydı, Ermənistanın müstəqil və ya yarımmüstəqil xarici siyasət qurmaq üçün daha çox təsir vasitələri, daha çox imkanları olardı. Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Azərbaycan Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazırdır. Müharibəyə son qoymaq, istənilən potensial hərbi qarşıdurma riskini minimuma endirmək və ya aradan qaldırmaq üçün Ermənistanla sülh razılaşmasına, sərhədlərin delimitasiyasına ehtiyac var.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bütün bunlar üçün birgə səylərə ehtiyac var, biz bunu birtərəfli qaydada edə bilmərik. … Ermənistan bizə minaların xəritəsini verməkdən imtina edir. Biz dəqiq bilirik ki, onlarda bəlkə də azı bir milyon minanın basdırıldığını göstərən xəritə var. Onlar bunu bizə verməkdən imtina edir. Bilirsiniz ki, minaların təmizlənməsi çox çətin, çox bahalı bir prosesdir və çox vaxt aparır. Biz əraziləri bərpa etməliyik, minalar təmizlənmədən bu, mümkün deyil. Hazırda biz Ermənistan vətəndaşlarına bizim işğaldan azad etdiyimiz ərazilərdən keçərək Ermənistan şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadə etməyə icazə veririk. Bu, xoş məramın daha bir göstəricisidir. Biz Rusiyanın “Qazprom” şirkətinə Azərbaycan ərazisindən Ermənistana təbii qaz nəql etməyə icazə verdik, çünki Rusiya tərəfdə təmir işləri gedirdi. Bir aydan çox müddətdə erməni istehlakçılar qazı Azərbaycandan əldə edirdilər. Bəs, Ermənistan hökuməti öz xalqını bu barədə məlumatlandırdımı? Xeyr. Hətta bu yaxınlarda bizim könüllü şəkildə azad etdiyimiz həmin saxlanılan 14 hərbçiyə görə onlar təşəkkür belə etmədilər. Onlar hər kəsə təşəkkür etdi. Rusiyalı sülhməramlılara təşəkkür etdi. ABŞ administrasiyasına təşəkkür etdi. Amma bizə, həmin şəxsləri azad edənlərə təşəkkür etmədilər. Bu, onu göstərir ki, onlar normal davranışa hazır deyillər. Onlar Azərbaycanı iblisləşdirməyə son qoymağa hazır deyillər. Bu gün “azərbaycanlı” erməni siyasi lüğətində ən pis təhqirdir. Onlar bir-birini təhqir etmək istəyəndə, bir-birini azərbaycanlı adlandırırlar. Bu, ölkəni idarə etmək istəyən şəxslər üçün qəbuledilməzdir. Lakin yenə də biz nə təklif etmişik. Biz nəqliyyat məsələlərində, xüsusilə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılması məsələləri ilə bağlı əməkdaşlıq təklif etmişik. Eyni zamanda, Ermənistanın iki yaxın dostu ilə - Rusiya və İranla dəmir yolu əlaqəsi olacaq. Bu dəmir yolu əlaqəsi mövcud deyil. Beləliklə, biz bunu təklif etdik və sizə deyə bilərəm ki, proses gedir. Proses başlayıb, bu, asan deyil, lakin başlayıb.

“Bizim Minsk qrupunun, həmsədr ölkələrin, o cümlədən ABŞ-ın, region ölkələrinin, həmçinin hər zaman regionda müsbət inkişafı dəstəkləyən Türkiyənin və Avropa İttifaqının dəstəyinə ehtiyacımız var” deyən Prezident İlham Əliyev vurğulayıb ki, bu, nadir əməkdaşlıq formatı olacaq və Ermənistan bu şansı əldən versə, peşman olacaq. Bu, son şansdır. Dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin həllindən sonra daşımalar məsələsində daha çox imkanlar açılacaq. Əgər Ermənistan süni maneələr yaratmasa, Ermənistan ərazisindən keçən digər dəmir yolu xəttimiz də ola bilər. Beləliklə, Ermənistan da regional inkişaf proqramının bir hissəsi olar və əlavə təhlükəsizlik imkanları yaranacaq.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bu vaxta qədər biz Ermənistanın siyasi spektrində nə müxalifətdən, nə hökumətdən hər hansı müsbət şərh görmürük. Azərbaycan xalqının hisslərini təhqir etmək adi hal alıb və dediyim kimi, bizə yarıdüşmən libasını geyindirmək. İyun seçkilərindən sonra nə olacağını bilmirik. Hansı məfkurə üstün gələcək? Lakin bu vaxta qədər azərbaycanofobiya məfkurəsi, nifrət, ekspansionizm onların cəmiyyətini məhv olmağa sürükləyən meyarlara çevrilib. İndi onların düşdüyü vəziyyətə görə özlərindən və liderlərindən başqa heç kəs günahkar ola bilməz. …Ermənistan hökumətinin ən böyük səhvi və problemi ondan ibarətdir ki, onlar yalnız keçmiş haqqında danışırlar. Bir çox hallarda bu keçmişlə onlar oyun oynayır, siyasi məqsədlər üçün istifadə edir, siyasi divident qazanmaq üçün özlərini təcavüz qurbanı kimi göstərməyə çalışırlar. Əslində, onlar əksər hallarda sıfırdan yaratdıqları tarixdən sui-istifadə edirlər. Onlar gələcək haqqında düşünmürlər. Biz gələcək haqqında düşünürük. … İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır. Çünki mən dəfələrlə açıq şəkildə demişəm ki, Azərbaycan Ermənistanla sülh sazişi üzərində işləməyə hazırdır və əlbəttə, bu saziş imzalansa, təhlükəsizliklə, gücün tətbiq edilməməsi, cari vəziyyətlə əlaqədar reallıqların qəbul olunması ilə bağlı məsələlər bu sülh sənədinin ayrılmaz tərkib hissəsi olacaq. Nə etmək lazımdır? Hesab edirəm ki, Ermənistanda parlament seçkiləri keçirələnədək gözləmək lazımdır və biz bu dövrün Ermənistanda həssas bir dövr olduğunu anlayırıq. Hesab edirəm ki, əgər bu gün kimsə Ermənistanda Azərbaycanla sülh sazişi haqqında danışsa, bu, həmin şəxsə populyarlıq qazandırmaz. Lakin yenə də ölkənin rəhbərləri siyasi karyeraları haqqında yox, öz dövlətləri haqqında düşünməlidirlər. … Sizin də bildiyiniz kimi, Dağlıq Qarabağ Azərbaycanın bir hissəsidir və bununla bağlı heç bir şübhə yoxdur. Dağlıq Qarabağ işğal dövründə və indi də Azərbaycanın bir hissəsidir və bu, həmişə belə olacaq. Buna görə də onlar Dağlıq Qarabağın statusu haqqında bütün səylərdən vaz keçməlidirlər. Bu, müzakirə predmeti olan məsələ deyil. İndi bizdə olan məlumata görə, rus sülhməramlılarının nəzarəti altındakı ərazidə otuz min insan yaşayır. Orada yaşayan insanlar bizim vətəndaşlarımızdır. Biz onları erməni təbliğatı tərəfindən beyinləri yuyulmuş vətəndaşlarımız hesab edirik. Əgər sülh sazişinə nail olunarsa, onda əlbəttə ki, sizin dediyiniz kimi, ikinci mərhələ olan üç Cənubi Qafqaz ölkəsi arasında azad ticarət aparıla bilər və bu da mümkündür.

Prezident İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsində ermənilərin alçaldıcı məğlubiyyətinə səbəb olan əsas amillərindən biri də onların diasporu idi. Çünki bir santimetr belə ərazinin geri qaytarılmaması iddiası erməni diasporunun ideoloji mahiyyəti idi. Xaricdə çox rahat mühitdə yaşayıb özlərinə yaxşı biznes quran erməniləri Qarabağda yaşayanların həyat standartları o qədər də maraqlandırmır.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: indi Qarabağda yaşayan ermənilər üçün öz baxışlarını müdafiə etmək və ya gələcəklərini qurmaq üçün yeganə şansın azərbaycanlılarla yaxşı qonşuluq münasibətlərində yaşamaqdan ibarət olduğunu anlamaq vaxtıdır. Odur ki, hesab edirəm, ilk növbədə, diaspor reallığı başa düşməlidir. Onlar başa düşməli və öz siyasətinə bəzi dəyişikliklər etməlidirlər. Bunu edə bilib-bilməməkdən asılı olmayaraq, onların siyasəti uğursuzluğa düçar oldu. Düşünürəm ki, ola bilsin, ilk mesaj Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən də bildirilə bilər: “Sizin siyasətiniz yanlış idi, uğursuzluğa düçar olub və bu, Ermənistanda artıq altı aydan çoxdur davam edən böhrana gətirib çıxarıb” mesajları göndərilməlidir. İkincisi isə, əlbəttə, əks-tarazlıq yaratmaq üçün bizim öz mesajımızı çatdırmaq fürsətimiz olmalıdır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi reallıqla bağlı mesajın çatdırılması üçün ən əsas strukturlardan biridir. Ümid edirik ki, bu, belə də davam edəcək. Ermənistanın tərəfində diaspor idi, bizim tərəfimizdə isə beynəlxalq hüquq və ədalət var idi. Hadisələrin inkişafı onu göstərdi ki, biz tarixin düzgün tərəfini tutmuşduq.

Cənubi Qafqazda inkişafa gəlincə, yenə də hər şey Ermənistanın siyasi iradəsi və gündəliyindən asılı olacaq. Çünki bu gün Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında çox səmərəli əməkdaşlıq formatı mövcuddur. Prezident Ilham Əliyev deyib ki, Cənubi Qafqazda regional əməkdaşlıq üçün, məsələn, enerji ilə bağlı sahələrdə böyük imkan var. Potensial olaraq Azərbaycan Ermənistana enerji resurslarının təchizatçısı ola bilər.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Şübhəsiz ki, Zəngəzur dəhlizi tikilib tamamlanandan sonra Ermənistanın biznesi inkişaf etdirmək üçün çoxlu imkanı olacaq. Çünki bu gün daxili bazarın həcminin kiçik olması və çox mürəkkəb logistik infrastruktur səbəbindən, - çünki Gürcüstanla Rusiya arasında yol qar səbəbindən bağlı olsa onlar batarlar, -çünki onların açıq dənizə çıxışı yoxdur. Onların heç kimlə dəmir yolu əlaqəsi yoxdur. Onların beynəlxalq bazarlarla dəmir yolu əlaqəsi yoxdur - proqnozlaşdırmaq mümkün olmayanda, investorlar nə gözləyəcəklərini bilməyəndə, heç kim investisiya yatırmaz. Ona görə də heç kim investisiya qoymur. Bu, onlar üçün imkanlar açacaq. Amma onlar öz seçimlərini etməlidirlər. Onlar təkcə Azərbaycana deyil, həm də Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar. Düşünürəm ki, Nizami Mərkəzinin çox üzvü bilmir ki, Ermənistan konstitusiyasında onların Türkiyəyə ərazi iddiaları var. Mən dəfələrlə bu barədə danışmışam. Bu, gülüncdür. Ərazisi kiçik, əhalisi az olan ölkənin, böyük ölkəyə və NATO-da ABŞ-dan sonra ikinci orduya sahib olan Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, gülüncdür. Bu, onların əllərindədir, onlar bu ərazi iddialarına son qoymalıdır və onda bəlkə onların kommunikasiyaları açmaq imkanı olacaq. Çünki əgər onlar Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasalar, onların vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. … Onlar realist düşüncəli olmalı, bizimlə, Türkiyə ilə münasibətləri normallaşdırmalı, gürcü kilsələrinə iddialar irəli sürməyə son qoymalıdırlar. Siz bəlkə də bilmirsiniz, lakin onlar rəsmi olaraq iddia edir ki, Gürcüstandakı kilsələrin əksəriyyəti erməni kilsələridir. Onların hər kəsə iddiaları var. İkinci Qarabağ müharibəsində onlar hər kəsə - Fransaya, ABŞ-a, Rusiyaya, digərlərinə müraciət edirdilər. Siz yəqin ki, sərhəddə bir insident baş verdiyini eşitmisiniz. Bilirsiniz onlar nə ediblər? Ermənistanın baş naziri Rusiya Prezidentinə, Fransa Prezidentinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir. Eyni zamanda, onlar NATO-ya məktub göndərir və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya yalnız onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret məsələlər üzərində birgə iş aparırlar. Buna görə də, prinsipcə, erməni siyasətçilərin Nizami Mərkəzində təşkil olunan tədbir və müzakirələrdə iştirakları mümkündür. Prezident İlham Əliyev ABŞ-la əməkdaşlıq məsələlərinə də toxunub. Deyib ki, Azərbaycan əlaqələri daha da şaxələndirmək niyyətindədir. Xüsusilə buraya müasir texnologiyalar və ticarət daxildir, çünki ticarət dövriyyəsinin səviyyəsi çox aşağıdır. Bundan əlavə, ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Ermənistanla münaqişə artıq öz həllini tapdığından ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb qalmayıb. Dövlət başçısının sözlərinə görə, ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, sülh sazişi irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq.