Bu gün Laçın, laçınlılar və bütün azərbaycanlılar üçün fərqli 18 maydır. 29 ildən sonra təqvimin bu gününü artıq ağrı-acı ilə vərəqləmirik. Biz indi 1992-ci ilin 18 mayını sadəcə keçmişimizi, mənfur qonşularımızın törətdiyi vəhşilikləri unutmamaq üçün xatırlayırıq. 28 illik işğal dövründə Laçına 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəyib. 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Laçının 65507 nəfər əhalisi Azərbaycanın 59 şəhər və rayonuna, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdü. Tarixi, təbiəti, mədəniyyəti zəngin olan bu rayonumuz müzəffər ali baş komandanın rəşadətli ordusunun Vətən müharibəsindəki qələbəsi sayəsində 1 dekabr 2020-ci ildən azaddır və öz əzəli sahiblərinə geri qayıdıb. Düşmən tapdağından azad edilən digər dilbər guşələrimiz kimi Laçın da tezliklə güli-gülüstana çevriləcək, firavan həyat geri qayıdacaq və yenidən doğma sakinlərini bağrına basacaq.
- Baxış: 485