• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 11.05.2021 20:44

Prezident Günnüt əməliyyatından danışıb

KepezTV Player

Prezident İlham Əliyevdən Ermənistandakı revanşistlərə xəbərdarlıq var: Odla oynamasınlar.Heç kimə də bel bağlamasınlar. Yumruq yerindədir. Ötən gün Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verən prezident İlham Əliyev belə deyib. Dövlət başçısı həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Prezident daha nüanslara toxunub? Bunu qarşıdakı videomaterialdan biləcəyik. İzləyək.

Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur. Əlbəttə ki, Naxçıvan Ümumqoşun Əlahiddə Ordunun döyüş qabiliyyəti də yerindədir və uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. Pprezident İlham Əliyev bildirib ki, o əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə, hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır.

Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi. İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaq

Prezident diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasının Azəbaycanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaq. Dövlət başçısı Ordubad dəmir yolu stansiyası ilə tanışlığın təsadüfi olmadığını, bunun çox böyük rəmzi mənasının olduğunu deyib.

Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır.

Bildiyiniz kimi, 10 noyabr tarixli birgə Bəyanatında bu, təsbit edilib. Ondan sonra fəaliyyət göstərən Azərbaycan-Ermənistan-Rusiya Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupunun keçirilmiş iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın. Əlbəttə ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək. Bildiyiniz kimi, mən Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Burada çatışmayan 15-16 kilometrlik hissə inşa ediləcəkdir, Ordubaddan Ermənistan sərhədinə qədər. Naxçıvan dəmir yolu fəaliyət göstərir, indi həm sərnişin, həm yük daşımaları həyata keçirilir. Yəni, Azərbaycan ərazisində Horadiz-Ağbənd dəmir yolu tikiləndən sonra bütün infrastruktur yaradılacaqdır.

O ki qaldı Ermənistan ərazisində olan hissəyə, bildiyiniz kimi, Ermənistan dəmir yolları anlayışı yoxdur. Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir. Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın.

"Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur"

 

Prezident bəzi ölkələr və xarici dairələrin "Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır"deməsinə də münasibət bildirib. "Dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, döyüş meydanında və ondan sonra masa arxasında" deyən ölkə başçısı bir daha həqiqətləri görməzdən gələnlərə cavab verib: Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur.

Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm. Noyabrın 10-da faktiki olaraq - de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur - atəşkəs, vəssalam. Burada bir çox maddələr var. Bir çox məsələləri əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər Münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər.

Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun.

Prezident Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyadan danışıb

Prezident Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyadan danışarkən  tarixin utanc verən olayına da toxunub.

Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm. Jurnalistlərə, xarici jurnalistlərə deməliyəm, xarici siyasətçilərə deməliyəm. Mən deyəcəyəm, mən susmayacağam. Amma onlar da öz işləri ilə məşğul olsunlar. Özləri problemlər içində çabalayırlar. Min cür problemləri var.

Ermənistandakı revanşistlərə xəbərdarlıq: Odla oynamasınlar

Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrin Şuşanın qaytarılması ilə bağlı bəyanatlar və revanşist fikirlər səsləndiriblər. Dövlət başçısı bildirib ki, bu bəyanatlardan hansısa praktiki əməllərə keçsələr, dərhal məhv olunacaqlar. Heç kim onları müdafiə edə bilməz. Heç kimə də bel bağlamasınlar.Bu, onlar üçün özünəqəsddir.

Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz. Əgər biz zərrə qədər təhlükə görsək, - zərrə qədər, - onları dərhal məhv edəcəyik. Elə yerindəcə məhv edəcəyik. Onlar da bunu bilirlər. Gücümüz də var, iradəmiz də var, cəsarətimiz də var. Yumruq da yerindədir.