• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 10.05.2021 18:33

Şəhid direktor doğum günündə anılıb

KepezTV Player

Ordumuzun müzəffər qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi həm də bir xalq olaraq nə dərəcədə birliyimizi, yumruq kimi birləşmək bacarığımızı bizə göstərdi. İnsanlar peşəsindən, mövqeyindən, sosial təminatından asılı olmayaraq döyüşlərdə iştirak etmək üçün Vətən savaşına qatıldılar. Onların sırasında Ağstafa şəhər 1 saylı məktəbin direktoru kimi işləmiş Elvin İmaməliyev də ordumuzun müzəffər qələbəsində pay sahiblərindən olub. O, qalibiyyətə aparan döyüşlərin birində şəhidlik adını qazanıb. Doğum günü münasibətilə rayon rəhbərliyi və Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət xidmətinin nümayəndələri, ictimaiyyət nümayəndələri və ailə üzvləri şəhidin məzarını ziyarət ediblər. 1989-cu ilin 9 may günü rayonun Qırılı kəndində anadan olan Elvin İmaməliyev ali təhsilini başa vurduqdan sonra elə doğma kəndində müəllim olaraq fəaliyyətə başlayır. Bir müddət sonra isə kollektivə rəhbərlik edir. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Elvin İmaməliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. İki oğlu atası olan məktəb direktoru ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.