• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3097
— 09.05.2021 19:03

Faşizm üzərində qələbə çalan xalq

KepezTV Player

Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Bu qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz olunub. İkinci dünya Müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman hörmətlə anılıb və yaddaşlara həkk olunub. Məhz elə bu qəhrəman ata və babalarımızın davamçısı olaraq biz öz tarixi qələbəmizi də qazandıq. İşğalda olan torpaqlarımızı erməni faşistlərindən azad etdik.

İkinci dünya müharibəsi özünün miqyasına, eləcə də təsir etdiyi ərazilərə görə əvvəlki müharibələrdən kəskin surətdə fərqlənib. Cəbhəyə yola salınan 600 min azərbaycanlının yarıdan çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. Qətiyyətlə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyib. 99 yaşlı Tofiq Hüseynov da bu müharibədə qəhrəmanlıq payı olan həmyerlilərimizdəndir. Gəncədə ziyalı ailəsində anadan olan Tofiq Hüseynov ikinci dünya müharibəsində iştirak edən 28 minə yaxın gəncəlidən biri olub. O, müharibənin ən ağır illərində mərdliklə vuruşub. Tofiq Hüseynov müharibədə göstərdiyi igidliyə görə müxtəlif illərdə 30-a yaxın medal alıb.

9 may bəşəriyyətin faşizm üzərindəki qələbəsinin günüdür. Azərbaycan xalqı da 44 günlük Vətən müharibəsində öz tarixi qələbəsini qazanmaqla yenidən baş qaldıran erməni faşizmini məğlub etdi.

Heç bir dövlətin başqa dövlət üzərindəki ərazi iddiasi əbədi ola bilməz. Elə İrəvanda erməni faşizminin banisi Qaregin Njdeyə heykəl qoyan bir xalqın işğalçılıq siyasəti kimi...Biz bunu vətən müharibəsində bir daha sübüt etdik.

Haqsızın məğlubiyyəti, haqlının zəfəri bütün dünyaya bu dəyişilməz fikri yenidən hayqırdı. Qarabağ Azərbaycanın ayrılmaz hissədir. Qarabağ Azərbaycandır!

Elnur Vahidoğlu