Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi davam etdirilir. Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 86 km təşkil edəcək. Avtomobil yolu iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yol inşasına start verilən yeni Füzuli Hava Limanı yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə aparılır. Başlanğıcını Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2024-cü il ərzində tamamlanması nəzərdə tutulur. Layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək.
- Baxış: 332