• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 05.05.2021 12:02

Polis əməliyyat keçirdi, 128 kq narkotik götürüldü

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində qanunsuz yollarla ölkə ərazisinə gətirilən yüksək təsiredici xassəyə malik ümumi çəkisi 128 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin realizə olunmasının qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında Beyləqan rayonunda həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduqlarına görə dəfələrlə məhkum edilmiş Şahsevən kənd sakinləri Veysəl Həsənov və Əbülfəz Rüstəmov saxlanılıblar. Üzərlərində olan bağlamalara baxış keçirilən zaman 61 kiloqram heroin, 1 kiloqram tiryək, 16 kiloqram qurudulmuş marixuana və 13 kiloqram psixotrop maddə olan metamfetamin aşkarlanıb. Onlar şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkə vətəndaşının sifarişi ilə narkotik vasitələri ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə ölkə ərazisinə gətirdiklərini bildiriblər. Onlar narkotikin Bakı və bölgələrdə müəyyən şəxslərə çatdırmaqla realizə olunmasını təşkil etməli imişlər. Sumqayıt şəhər sakini Elşad Süleymanovun yaşadığı evdən 20 kiloqrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. O, külli miqdarda narkotik vasitəni tanışı olan xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə aldığını bildirib. Astara rayonunda həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər məhkum olunmuş Kamran Ağayev saxlanılıb. Onun evinə baxış zamanı 1 kiloqram 400 qram heroin, 2 kiloqram 840 qram marixuana, 2 kiloqram 750 qram tiryək, 100 qrama yaxın metamfetamin və 1 ədəd sənədləri olmayan ov tüfəngi aşkar edilib. Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan Xalid Vəlişov yaxalanıb. Onun rayonda gizlətdiyi yerdən satış məqsədi ilə əldə edib saxladığı 4 kiloqram 580 qram heroin aşkar edilib. Nəsimi və Xətai rayonlarında isə əvvəllər məhkum olunan Asim Rəsulov, Zöhrab Nəbiyev, Zaur Məmmədov və Zaur Quliyev saxlanılıb. Rəsulovdan 1 kiloqram 215 qram, Nəbiyevdən isə 1 kiloqram 86 qram heroin və metamfetamin aşkar olunub. Zaur Quliyevin üzərindən və yaşadığı ünvandan müxtəlif adda 3 kiloqram 528 qram narkotik vasitə, 2 ədəd elektron tərəzi götürülüb. Ondan həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri də aşkar edilib. Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslər istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.