• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 735
— 30.04.2021 20:02

FHN-in şəhidi Rəşad Şəfiyev

KepezTV Player

"Vətən mənə oğul desə nə dərdim? Mamır olub qayasında bitərdim" deyib Məmməd Araz. Vətən onlara oğul dedi. Çünki o qəhrəmanlar bu torpaq üçün böyüyüb, Vətənin müqəddəsliyini hər şeydən uca bildilər. Fövqəladə Hallar Nazirliyinin şəhidi Rəşad Şəfiyev də onlardan biridir.

Oxşar mənzərədir... Hər şəhid ailəsinin qonağı olanda evin ən gözəl küncündən boylanan igid şəkilləri görürük. Yadigarları, əşyaları bir bucağa sığar, amma qəhrəmanlıqları sözlərə sığmaz. Hicran xanım atasız bir oğul və 1 qız övladı böyüdüb. Oğlu Rəşad Şəfiyev Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə qoşunlarının xilasetmə briqadasının hərbi qulluqçusu olub və Vətəninə sədaqətlə xidmət edib. Bu gün övladdan Vətənə pay verən şəhid anası, oğlunun qoxusunu, təsəllisini qəhrəmanımızdan geriyə qalan 2 gül baladan alır. Elə şəhidimiz də qızına və oğluna bir ayrı bağlı olub.

Bütün Azərbaycan bu gün eyni şüarı səsləndirir - “başını dik tut, şəhid anası”. Elə biz də Hicran xanıma bu cümlə ilə müraciət edirik. O da bütün xalqın qarşısında baş əydiyi anlardan biridir. “Şəhid anası” ifadəsi sadəcə söz birləşməsi deyil, tərifini deməyə kəlmələrin yetmədiyi bir anlamdır.

Qohumları, qonşuları təkliyini hiss etdirməmək üçün tez-tez şəhid anasına baş çəkirlər. Vətən uğrunda canından keçən hər kəs hər birimizin oğulu, qardaşı, əzizidır.

Rəşad Şəfiyev atasını uşaq olanda itirir. Hardan bilərdi ki, öz övladlarını da onun yaşadığı həyat gözləyir. İndi iki fidan - Zeynəb və Ayxan ata qayğısına həsrət qalıblar.

Şəhidimiz Rəşad Şəfiyev də el üçün doğulmuşdu. Ona görə də tək evdən yox, eldən getdi. Bu gün isə məzarında rahat uyuyur, çünki igidlərimiz Qarabağ boyda dərdimizə məlhəm olub, üçrəngli bayrağımızı əzəli Azərbaycan torpaqlarında dalğalandırırlar.