• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 26.04.2021 19:52

Çernobılda iştirak edən Gəncə sakinləri

KepezTV Player

Bu gün tarixin ən böyük faciələrindən birinin - Çernobıl AES-də baş verən qəzanın 35-ci il dönümüdür. Bu nəhəng humanitar faciə yüz minlərlə insanı yüksək səviyyədə radiasiyaya məruz qoyub və təxminən 350 min nəfəri radioaktiv çirklənmiş ərazilərdən evlərini tərk etməyə məcbur edib. Qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycan vətəndaşları da fəal iştirak edib. Onların arasında Gəncədən hərbçi və sıravi insanlar da olub.

Ukraynada 1986-cı il aprelin 26-da Çernobılda baş verən dəhşətli nüvə qəzası bəşəriyyət üçün böyük faciəyə yol açdı. Təxminən 30 milyona yaxın insanı elektriklə təmin edə bilən stansiyanın 4 saylı nüvə reaktorunda qeydə alınan partlayış Ukrayna, Belarus və Rusiyada müxtəlif dərəcəli çirklənməyə səbəb olan çox sayda radioaktiv materialların atmosferə buraxılmasına səbəb oldu. 31 nəfər dərhal həyatını itirdi, 4000-27000 arası sayda insan radiasiyaya məruz qalma nəticəsində həlak oldu. Partlayış yerindən yüzlərlə kilometr məsafədə yaşayan bir çox insan fəlakətdən sonra radiasiyadan xəstələndi. Faciənin nəticələrinin aradan qaldırılması işinə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan canlı qüvvə cəlb edildi. Gəncədən də hərbi çağırışçı kimi Çernobıla gedənlər çoxluq təşkil edib.

Qəza baş verən obyektin ətrafında çalışanlar şüalanmaya məruz qaldıqları üçün ya həyatlarını itiriblər, ya da ömürlük xəstəliyə düçar olublar. Nizami yurdundan olan Çernobıl əlilləri də bu günə kimi faciədən qaynaqlanan şüalanmadan əziyyət çəkirlər.

Azərbaycan, bəzi ölkələrlə birlikdə əraziyə 7000-dən çox xilasedici və digər şəxsi heyəti göndərib. Hazırda Azərbaycanda təxminən 5000 nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkir. O vaxtdan bu günədək Çernobıl qəzasından təsirlənən təxminən 2000 vətəndaş vəfat edib. Kömək üçün Ukraynaya yollanan təxminən 550-yə yaxın Gəncə sakini əlil olub. Onların bəziləri müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Hazırda 300-ə yaxın gəncəli Çernobıl əlili qeydiyyatdadır.