Bakıda polis ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Sumqayıt şəhər sakini Nəsimi Babayev və paytaxt sakini Mirfədai Mircəfərli saxlanılıblar. Bu şəxslərin ayrı-ayrı vaxtlarda paytaxt ərazisində fəaliyyət göstərən müxtəlif marşrut xətləri ilə hərəkət edən avtobuslarda 25 nəfərin cibindən pul, mobil telefonlar və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Nəsimi Babayev cibgirlik edəndən sonra əldə etdiyi əşyaları yanında dayanan Mirfədai Mircəfərliyə ötürürmüş. Sonuncu isə öz növbəsində hadisə yerindən uzaqlaşırmış. Onlar ifadələrində cibgirlik yolu əldə etdikləri pul kisələrindəki maddi vəsaitləri götürəndən sonra həmin əşyaların içində olan sənədləri və bankomat kartlarını yandırdıqlarını, mobil telefonları isə paytaxtın müxtəlif nöqtələrində yerləşən mağazalarda satdıqlarını qeyd ediblər.
- Baxış: 602