Göygöl Peşə Məktəbinin tələbələri üçün nəzəri biliklərdən əlavə, istehsalat təcrübəsinin aparılması üçün də hər cür şərait var. Rayonda yeganə peşə məktəbi olan bu təhsil ocağında təhsil alanlar aprelin əvvəlindən başlayaraq müxtəlif təşkilat və müəssisələrdə istehsalat təcrübəsi keçirlər.
Tələbələr Göygöl Peşə Məktəbində daha çox bərbər, vizajist, manikürçü ixtisaslarına maraq göstərirlər. Tədris müddəti iki illik olan bu qrup təhsil müəssisəsində artıq üç ildir ki, fəaliyyət göstərir. Hazırda burada 20 nəfər təhsil alır. Aprelin əvvəlindən qrupun tələbələri üçün istehsalat təcrübəsi rayonda yerləşən gözəllik salonlarında keçilir. Bu sənətlərin incəlikləri əyani şəkildə təhsilalanlara izah edilir.
Peşə məktəbinin turizm sahəsində iaşə üzrə mütəxəssis qrupunun tələbələri də istehsalat təcrübəsini məktəbdən kənarda keçirlər. İki ildir açılan bu qrupda təhsil 1 illikdir. 20 tələbənin oxuduğu bu qrupun istehsalat təcrübəsində əyani olaraq şirniyyatların bişirilməsi, masanın bəzədilməsi kimi işlər öyrədilir
Ümumi və ya orta təhsilli hər bir şəxs yaş məhdudiyyəti olmadan peşə təhsili ala bilər. Bütün peşə məktəbləri kimi, Göygöl Peşə Məktəbinə qəbul da pandemiya qaydalarına uyğun olaraq onlayn şəkildə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılır. Son vaxtlar bu təhsil ocağına qəbul olan tələbələrin sayında artım müşahidə edilir.
50 ildir faəliyyət göstərən Göygöl Peşə Məktəbində hazırda 14 qrup var. Bunlardan 7-si bir illikdir. Məktəbdə 259 tələbəyə 14 usta və 17 müəllim müxtəlif peşələrin sirlərini öyrədir. Dayə, üzümçülük və şərab ustası, eləcə də elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik mantyoru qrupları yeni açılıb. Peşə məktəbinə müraciət edənlərin sayı çox olduğundan gələn tədris ili üçün Təhsil Nazirliyinə tələbələrin sayının 300-ə qaldırılması ilə bağlı müraciət edilib. Həmçinin gələn tədris ilində təlabatdan asılı olaraq yeni qrupların açılması da nəzərdə tutulur.
Elnur Vahidoğlu
- Baxış: 316