Bəzi kütləvi informasiya və sosial media səhifələrində tibb bacısının aparılan vaksinasiya prosesi zamanı vətəndaşa peyvəndi vurma görüntüsü yaratması, əslində isə peyvəndi vurmayaraq israf etməsi ilə bağlı videogörüntülər yayılıb. Baş Prokurorluğun məlumatına görə,faktla bağlı aparılmış araşdırma zamanı aprelin 21-də Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşən 26 nömrəli orta məktəbdə COVİD-19 pandemiyası əleyhinə vaksinasiya prosesi həyata keçirilərkən, 14 nömrəli Bakı Şəhər Xəstəxanasının Xəzər rayon dairəsinin tibb bacıları Kərimova Təbəssüm Hümmət qızı və Məmmədyarova Südabə Əhmədşah qızı tərəfindən qanun pozuntusuna yol verilməsi müəyyən edilib. Peyvəndlənmə üçün müraciət etmiş Gözəlov Samir Arif oğlunun qanunsuz təklifi əsasında tibb bacısı tərəfindən peyvəndin şprisə doldurulmaqla vurma görüntüsü formalaşdırılıb, həmin şəxs peyvəndlənmiş şəxs kimi qeydə alınıb və dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf edilib. Samir Gözəlova 30 gün müddətinə inzibati həbs, Südabə Məmmədyarovaya 200 saat ictimai iş, Təbəssüm Kərimovaya isə 400 manat cərimə tənbehləri tətbiq olunub.
- Baxış: 925