• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2083
— 20.04.2021 12:14

Şəmkirdə 200-ə yaxın inzibati protokol tərtib edilib

KepezTV Player

Şəmkirdə yol polisi əməkdaşlarının növbəti reydi baş tutub. Yoxlamalar zamanı bir sıra qanunsuz əməllər aşkar edilib və yerindəcə qanunamüvafiq tədbirlər görülüb.

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirirlər. Təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də müəyyən edilib. Həmin sürücülərin avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib.

Reydə dayanma-durma qaydalarını kobud surətdə pozaraq, avtobus dayancaqlarında, eləcə də piyada səkilərində dayanan və ya duran avtomobil sahibləri də inzibati məsuliyyətə cəlb edilib. Davam etdirilən tədbirlərlə mühərriklərində nasazlıq olan, ətraf mühitə həddindən artıq zərərli qaz ixrac edən avtomobil sahibləri də məsuliyyətdən yaxa qurtara billməyiblər.

Şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda aparılan yoxlamalar zamanı karantin qaydalarının təmin edilməsi, tibbi maskadan istifadə edilməsi barədə vətəndaşlarla profilaktiki söhbətlər aparılıb, karantin qaydalarını pozan sürücü və sərnişinlər barədə tədbir görülüb. Keçirilən reydlər zamanı 200-ə yaxın inzibati protokol tərtib edilib.