Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop tərkibli dərmanların ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirlərini davam etdirirlər. Növbəti əməliyyatlar nəticəsində 68 kq narkotik dövriyyədən çıxarılıb.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Orxan Səfərov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq Səfərovun paytaxt ərazisində yaşadığı evə baxış keçirən polislər oradan 29 kiloqram heroin, 5 kiloqram metamfetamin, 453 ədəd “Metadon” həbi, 2 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi pulu aşkar edərək götürüblər. Saxlanılan şəxs izahatında narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini və onunla yalnız sosial şəbəkələr vasitəsi ilə əlaqə saxladığını deyib. Sumqayıt şəhərində həyata keçirilən əməliyyat zamanı vətəndaş Tural Məmmədov saxlanılıb. Üzərinə baxış zamanı 200 qrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxsin yaşadığı evdə də külli miqdarda narkotik vasitələr gizlətdiyi müəyyən edilib. Onun Sumqayıt şəhərindəki mənzilindən əlavə olaraq 5 kiloqram heroin, 3 kiloqram marixuana, 10 kiloqram metamfetamin, 6000 ədəd “Tramadol” və 9510 ədəd “Metadon” həbi, eləcə də, 1 ədəd elektron tərəzi aşkar edilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat tədbiri zamanı Abşeron rayonunda yaşayan Afiq Əliyev saxlanılıb. Üzərindən 9 kiloqrama yaxın tiryək, 510 qram heroin və 1 kiloqram marixuana aşkarlanıb. Növbəti əməliyyat zamanı Musəvi Musayev adlı şəxs də narkotik vasitələrin satışında şübhəli bilindiyi üçün saxlanılıb. Üzərindən 4 qram heroin, təmir işləri ilə məşğul olduğu Sabunçu rayonunda yerləşən obyektdən isə gizlətdiyi 1 kiloqram 371 qram heroin, 1 kiloqram 220 qram marixuana, 22 qram metamfetamin, ümumilikdə 495 ədəd ”Metadon” və “Metilin” həbləri, həmçinin, 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Faktlarla bağlı saxlanılan şəxslər barəsində cinayət işləri başlanılıb.
- Baxış: 497