Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı yüksək təsiredici xassəyə malik ümumi çəkisi 64 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddənin qeyri-müəyyən yollarla ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri Müşfiq Mirzəyev və Nadir Babayev saxlanılıblar. Nadir Babayevin bağ evinə baxış zamanı oradan 38 kiloqram 867 qram heroin, 19 kiloqram 960 qram metamfetamin, 1 kiloqram 200 qram tiryək, 3 kiloqram 500 qram marixuana və 448 ədəd narkotik tərkibli satışı qadağan edilən “Metadon” həbləri götürülüb.Müşfiq Mirzəyev şəxsiyyəti istintaqa hələlik məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə gətirilməsini təşkil edib. Daha sonra o, narkotik vasitələri gizlədilən yerdən götürüb tanışı Nadir Babayevin bağ evinə gətirib. Müşfiq Mirzəyev həmin xarici ölkə vətəndaşının tapşırığı ilə narkotik maddələri Bakı, eləcə də, digər şəhər və rayonlarda müxtəlif yerlərə qoymaqla ayrı-ayrı şəxslərə çatdırılmasını və satılmasını təmin etməli imiş.
- Baxış: 462