Aprelin 1-i Göygöl Milli Parkının yaranması günü münasibətilə milli parkda “açıq qapı” günü təşkil edilib. Bu xəbəri eşidənlər ərazinin mənzərəli təbiətini görmək üçün parka üz tutmaq fürsətini əldən verməyiblər.
Əsasən yay dövründə daha çox ziyarət olunan milli parka yaz vaxtı təbiətin oyanışı zamanı da gələnlər az olmur. 2008-ci ildə yaradılan və 2015-ci ildən turistlərin üzünə daimi açılan parka açıq qapı günü ilə əlaqadar ailəvi şəkildə və dostları ilə birgə gələn ziyarətçilər Göygölü və bahar fəslinə keçid dövründə xüsusi gözəlliyi olan meşəlikləri yaxından görmək imkanı əldə ediblər.
Ən çox uşaqlara yarayan gəzintidə balacalar qar topu oynayıb, eləcə də Göygölün və mənzərəli yerlərin fonunda xatirə şəkli çəkdiriliblər. “Açıq qapı” gününün təşkil edilməsini müsbət qiymətləndirən ziyarətçilər təbiət qoynunda vaxt keçirməyin əhvallarına yaxşı təsir etdiyini deyiblər.
Nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanıldığı Göygöl Milli Parkında artıq ardıcıl 6-cı ildir ki, açıq qapı günü keçirilir.
- Baxış: 367