• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1703
— 29.03.2021 19:29

3 məktəb ənənəvi təhsilə qayıdıb

KepezTV Player

Təhsil müəssisələrində mart ayının əvvəlindən koronavirus infeksiyasına yoluxma sayının artması səbəbindən ölkənin müxtəlif şəhər və rayonlarında, o cümlədən Gəncədə bir sıra məktəbləri bağlamaq qərara alınmışdı. Bu gündən isə artıq Nizami yurdunda karantinə alınan 3 məktəb yenidən ənənəvi təhsilə qayıdıb. Ümumilikdə isə vəziyyət necədir? Sujetdə biləcəyik.

Martın 9-dan etibarən 12, 26, 31, ayın 10-dan isə 13, 30 və 36 nömrəli məktəblər müəllim, şagird və texniki heyətdə koronavirus infeksiyası aşkarlandığı üçün distant təhsilə keçmişdi. İki həftəlik qapanmaya gedən təhsil ocaqlarında bu müddət ərzində dezinfeksiya işləri həyata keçirilib və yeni yoluxma halı baş verməyib. Təyin olunan zaman kəsiyində neqativ hallar aradan qalxdığı üçün 12, 26 və 31 nömrəli məktəblər bu gün yenidən ənənəvi tədrisə başlayıb.

3 məktəbdə təhsilin distantdan əyaniyə keçməsi, heç də o anlama gəlməməlidir ki, yoluxma aradan qalxıb. Hələ də müəllim, şagird və texniki heyət sırasında belə hallara rast gəlinəcəyi istisna deyil. Odur ki, xəstəliyə təzədən yoluxmamaq üçün verilən göstərişlərə maksimum diqqət yetirilməlidir. Bu məqsədlə müəllimlərin vaksinasiya prosesini də qeyd etmək lazımdır.

Məktəblərdə tədrisin hansı formada davam edəcəyi isə yoluxma dinamikasından asılı olacaq. Gəncədə koronavirusa görə bağlanan təhsil müəssisələri sırasında 13 nömrəli məktəbin direktoru xəstəlikdən dünyasını dəyişib.