Sərbəst güləş üzrə milli komandanın üzvü Turan Bayramov Avropa çempionatına hazırlaşır. Gəncə güləş məktəbinin yetirməsi məşqlərini doğma şəhərində davam etdirir.
Pandemiya ilə əlaqədar olaraq zalda məşq edə bilməyən gənc güləşçi qaydalara uyğun şəkildə açıq havada hazırlıq keçir. Gündə iki dəfə məşqdə olan Turan Bayramov gələn ay Polşada keçiriləcək Avropa çempionatı öncəsi fiziki durumuna diqqət yetirir. 65 kq-da güləşən pəhləvan qitə yarışında qalib gəlməklə olimpiyadaya iddiasını ortaya qoymaq istəyir.
Turan Bayramov yayda baş tutacaq Tokia Olimpiadasına da ciddi hazırlaşır. Dördilliyin ən mötəbər yarışına 65 kq-da Azərbaycan lisenziya əldə etsə də, Yaponiyada iştirak edəcək güləşçi göstərdiyi nəticələrə əsasən məşqçilər heyəti tərəfindən seçiləcək.
Ötən ay Turan Bayramov çıxış etdiyi turnirdə erməni idmançıları məğlub etməsi ilə diqqətləri üzərinə toplayıb. Həm də onun bu qələbələri Xocalı faciəsi gününə təsadüf edib.
Bayramov yarışlara şəxsi məşqçisi Abil İbrahimovun rəhbərliyi altında hazırlaşır. Gənc çalışdırıcı pandemiyanın hazırlıq prosesinə mənfi təsir etdiyini, ancaq buna baxmayaraq məşqsiz qalmadıqlarını deyib.
2020-ci ildə pandemiya səbəbindən bütün yarışlardan kənarda qalan Turan Bayramov cari il iki turnirdə xalça üzərinə çıxıb. 20 yaşlı güləşçi İtaliya və Ukrayna turnirlərinin hər ikisində bürünc medala yiyələnib.
- Baxış: 764