• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 858
— 10.03.2021 19:41

Kəlbəcərli şəhid

KepezTV Player

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var- Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.

Əslən Kəlbəcərli olan, tək arzusu yurdunu görmək istəyən şəhidimiz Mikayılov Azər elə bu diləyinə görə hərbiçi olmağı seçmişdi. 22 il 8 ay mayor rütbəsində Ali baş komandanın döyüş əmrini gözləyib. Və o an ötən ilin sentyabrında gəlib. Vəzifəsini layiqincə yerinə yetirib və Cəbrayıl bulağının üstündə minamyot atəşi nəticəsində şəhidliyə ucalır.

Çox uşaqlı ailə olan Mikayılovlar ailəsində Azərin yeri başqa idi. Hər kəslə mehriban, valideynlərinə xüsusi qayğı gorsədərdi igidimiz. Şəhidliyə ucalaraq qanları ilə tarix yazanlar unudulmur.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq hissi ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir. Bu gün Şəhid anası da başı dik dayanır. 8 övladı olan Gülgəz anamız deyir ki, 10 barmağımız var hansını kəssən ağrıdar. Azərin ölümü mənə çətin gəlsə də, yurd həsrətinə son qoyduğu üçün onunla fəxr edirəm.

Şəhid valideynlərində xüsusi güc olur. Onlar mətin dayanmağı bacararaq, hər şey yurdumuz üçündür, vətən sağ olsun deyirlər. Ürəyi Kəlbəcər üçün döyünən bu ailənin qonağı olmaq, əzəli torpağımız haqqında mülahizə eləmək çox gözəl idi. Azərbaycan xalqı Qarabağı yenidən dirçəldəcək və ali baş komandanımızın dediyi “Biz birlikdə güclüyük” ifadəsini əyani şəkildə bütün dünyaya sübut etdi.

Goranboy rayonunda məskunlaşan ailənin qonağı olanda öyrəndik ki, bu nəsil 30 il ərzində doğma Qarabağ torpağına neçə-neçə canlar qurban veriblər. Son şəhid isə Mikayılov Azər olur. O, igid ki, özündən əvvəl tökülən bütün qanların qisasını alaraq ən ali zirvəyə ucalır.

13 yaşında məcburi şəkildə Kəlbcəri tərk edən şəhidimiz, bu gün oranın azadlığını görməsə də oğlu Musa və qızı Nuray qalib xalqın nümayəndələri olaraq, fəxrlə, qürurla o torğaqlara qayıdacaqlar. Şəhidimiz ölümündən sonra "Qarabağ" ordeni, " Füzulinin azad olunmasına görə" , "Vətən uğrunda" medallarına layiq görülüb Azər.

Nərgiz Əhmədqızı