• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1002
— 10.03.2021 16:12

İlham Əliyev Macarıstanın xarici işlər və ticarət nazirini videoformatda qəbul edib

KepezTV Player

Strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir. Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən belə deyib. Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsində olduğunu, pandemiya və müharibə səbəbindən bu müzakirələrin müvəqqəti dayandırıldığını diqqətə çatdırıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq deyən dövlət başçısı ikitərəfli gündəliyin vacibliyinə toxunub.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Dost ölkələr olan Azərbaycan və Macarıstan iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığı fəallaşdırmalıdır. Xüsusilə də, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur. Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi – 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq. Digər sahələrdə də imkanlar mövcuddur. Bilirəm ki, kənd təsərrüfatı və texnologiya sahələrində böyük potensial var. Biz azad olunmuş ərazilərdə müasir infrastruktur və şəhərsalma layihələrinin icrasını planlaşdırırıq.

Peter Siyarto - Macarıstanın xarici işlər və ticarət naziri: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi bərpa olunmalıdır. Son bir neçə onillik ərzində Azərbaycanın bu hüququ pozulmuşdu və biz bununla bağlı mövqeyini gizlətməyən ölkələrdən olmuşuq. Biz bu məsələ ilə bağlı mövqeyimizi aydın ifadə etməkdə davam edəcəyik. Cənab Prezident, əmin ola bilərsiniz ki, biz bu baxımdan hər zaman balanslı yanaşma nümayiş etdirəcək, həqiqəti söyləyəcək və mövqeyimizi açıq ifadə edəcəyik.