• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2174
— 23.02.2021 10:57

Bu gün Novruzun ilk çərşənbəsidir

KepezTV Player

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Baharın müjdəçisi isə onun çərşənbələridir. Bu gün ilk çərşənbə - su çərşənbəsidir. Məhz buna görə də insanlar sudan şəffaf və gözəl bir ilin keçməsini arzulayırlar.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər.

Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

Salman İmanlı yazıçı:Su çərşənbəsinə həm də əzəl çərşənbə deyirlər, yalançı çərşənbə deyirlər. Bu suyun müqəddəsliyi ilə bağlıdır. Suyun müqəddəsliyi ilə bağlı bir çox fikirlər var, və tarixi inanclar var. Azərbaycan xalqıda qədim türklərdən belə, xalqımızın çox böyük tarixi ümidləri olub, o cümlədən inancları olub. Su çərşənbəsi günü insanlar sübh tezdən oyanarkən, su üzərinə gedərlər orada ürəklərinin yaxşı fikirlərini söyləyərlər, bir- birinə qarşı xoş münasibət bəsləyərlər o cümlədən dərtlərini söyləyərlər ki, bu dərtləri yüngülləşsin, arzu diləkləri həyata keçsin.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq belə inanclardandır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur.

Qabil Məmmədov şəhər sakini : Su çərşənbəsində su qablarının hamısı dəyişilir, hər tərəf təmizlənir su ilə paltarları axar suda yuyurlar. Su çərşənbəsində gedirik çayın üzərindən tullanırıq ki, ağırlığımız bu ildə qalsın və ordan 7 dənə daş gətiririk, o daşları evin hər bir küncünə qoyuruq ki, bolluq ruzi bərəkət olsun.Su çərşənbəsi daxil olmaqla bütün çərşənbələrdə evdə plov dəmlənir, bütün ailəni yığırlar stolun başına.

Su çərşənbəsindən sonra martın 2-də Od, martın 9-da Yel, martın 16-da isə ilaxır - Torpaq çərşənbəsi qeyd olunacaq. Yaz fəsli isə ölkəmizə 20 mart saat 13:37-də daxil olacaq. Martın 20-si bayram axşamı, 21-i isə bayram günüdür.