Ölkədə sərt karantin rejiminin yumşaldılması ilə fəaliyyətinə icazə verilən sahələr arasında ictimai-iaşə müəssisələri də yer aldı. Ayın əvvəlindən kafe və restoranlarda, çayxanalarda müştərilərə yerində xidmətə icazə verildi. Amma təbii ki, qaydaların yumşaldılması bizi arxayın salmamalıdır, əksinə bu halda tələblərə daha ciddi riayət etməliyik ki, yoluxma sayında yenidən artım qeydə alınmasın. Əməkdaşımız Elnur Vahidoğlu Gəncədəki iaşə obyeklərində olub, bu məkanlarda qaydalara riayət edilməsi ilə bağlı vəziyyətlə maraqlanıb.
Fevralın 1-dən başlayaraq ölkə ərazisində restoran, kafe və çayxanalarda müştərilərə səhər saat 6-dan gecə saat 12-dək yerində xidmətlər bərpa edilib. İctimai iaşə obyektləri şənbə və bazar günləri də müştərilərə yerində xidmət göstərir. Virusun yayılmasının qarşısının alınmasından ötrü bu məkanlarda pandemiya dövrünün tələblərinə əməl edilməsi xüsusi əhəmiyyət kəsb edir. Çəkiliş apardığımız zaman müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, Gəncədə fəaliyyət göstərən kafe və restoranlarda işlər xüsusi karantin rejimi qaydalarına uyğun həyata keçirilir. Bütün masalar dezinfeksiyaedici məhlullarla təmin edilib. Həmçinin stolların ara məsafəsi ilə bağlı tələblərə də riayət olunur.
Karantin qaydalarının yumşaldılması ilə çayxanalar da qapılarını müştərilərin üzünə açdı. Bu obyektlərdə də xüsusi karantin rejiminin tələblərinə ciddi əməl olunması daim diqqətdə saxlanılır.
Qida Təhlikəsizliyi Agentliyinin Gəncə regional bölməsi tərəfindən mütəmadi olaraq ictimai iaşə obyektlərində maarifləndirici reydlər və monitorinqlər keçirilir. Qurumdan televiziyamıza verilən məlumata görə, əvvəlki aylarla müqayisədə kafe, restoran və çayxanalarda karantin qaydalarının pozulması hallarının sayında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, ölkədə xüsusi karantin rejimi aprelin 1-dək qüvvədədir.
Elnur Vahidoğlu
- Baxış: 236