Yeniyetməlik dövrü insanın ən çətin psixoloji mərhələlərindən hesab olunur. Psixoloji nöqteyi-nəzərdən bu mərhələ hər kəsdə fərqli keçir. Bu dövrdə yeniyetmələr özlərini təsdiq etmək, valideynlərindən asılı olmadan müstəqil davranmaq, kütlədən seçilmək istəyirlər. Elə bu zaman da bəzən yeniyetmələrin şəxsi həyatlarında, eləcə də valideynləri ilə münasibətlərində ciddi problemlər özünü göstərməyə başlayır. Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin beşinci-səkkizinci sinif şagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyük yeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün başlanmasına və qurtarmasına dəqiq sərhəd qoymaq olmaz. Müxtəlif amillərin təsiri altında əmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər. Bu dövr özünün praktik əhəmiyyəti, pedaqoji çətinlikləri və uşaq şəxsiyyətinin dinamikasında baş verən psixoloji xüsusiyyətləri ilə diqqəti cəlb edir. Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heç kəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir. Valideynlə yeniyetmə övladı arasında ən kəskin konfliktlər daha çox erkən yeniyetməlik dövrünə təsadüf edir.Bu dövrün özəlliyi ondan ibarətdir ki, valideyn övladının böyüməsindən xəbərsizdir. O həmişəki tələbkarlığı edir, amma əvəzində etiraz görür. Ata-ana çaşqınlığa düşür və nə edəcəyini bilmir. Valideynlərə bu məsələni kimsə xatırlatdıqdan sonra sanki onlar ayılırlar. Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar. Sözsüz ki, bu adlar çoxluğunun yaranması tamamilə təbii xarakter daşıyır. Ata-ana bilməlidir ki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki, valideynlər övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirlər, təbii ki, o ailədə böyüyən uşaqlarda mənəvi-psixoloji travmalar yaranması ehtimalı çoxdur. Yeniyetməlik kimi keçid bir dövrdə komplekslər yaranır və bu da yeniyetmələrin davranışına mənfi təsir göstərir. Bu zaman valideynlər diqqətli olmalı və övladlarına komplekslərini dəf etməyə kömək etməlidirlər.
- Baxış: 8876