• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 14.02.2021 19:58

Yaşı bir əsrdən çox olan Tuğ məktəbinin şagirdi ilə keçmişə səyahət...

KepezTV Player

Biz illərlə düşmən işğalında olan kəndlərimizin, rayonlarımızın bir qarışını belə görməyin həsrətini çəkmişik. Şükür ki, o həsrət şirin vüsalla başa çatdı. Uğrunda qanlar töküldü, canlar alındı, amma torpağın bir qarışı da yadellilərin əlində qalmadı. İndi işğaldan azad edilən Xocavəndin Tuğ kəndinə səyahət edəcəyik.

Tuğ Xocavənd rayonunun ən qədim kəndlərindən biridir. Qarabağ silsiləsinin ətəyində yerləşir. Kəndin adı qədim türk dilində bayraq deməkdir. Kənd 30 oktyabr 1991-ci ildə işğal edilib. 2020-ci il noyabrın 9-da isə rəşadətli ordumuz kəndi düşmən tapdağından azad edib. Tuğ kəndi Xocəvənd rayonunun mərkəzindən 53 kilometr cənub-qərbdə, Yuxarı Qarabağın cənub qərbində, Qarabağ silsiləsinin ətəyində, dəniz səviyyəsindən 1400–1500 m yüksəklikdə yerləşir. Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, bağçılıq və baramaçılıqla məşğul olub. Kənddə 135 yaşı olan orta məktəb, mədəniyyət evi, kitabxana, xəstəxana olub. Tuğ kəndinin məlikyeqanovlar, məlikaslanovlar, cahangirlilər, mehdibəylilər, aslanbəylilər, gülməmədlilər, talıbxanlılar, budaqlılar, səlimbəylilər, cəfərlilər, vəliuşağılar və s. adlı tayfa, tirə və nəsilləri var. 1883-cü ildə Sadıq bəy və Mehdi bəy Məlikaslanovlar Tuğ və Qubadlı məktəbinin kasıb şagirdlərinə tədris və maddi vəsaitlə kömək göstəriblər. Azərbaycanda maarifin inkişafına təkan verən və o dövr üçün müasir hesab edilən rus-Avropa tipli Tuğ məktəbi yaradıb. Tuğ məktəbinin müəllimləri, məzunları mahalda maarifin, mədəniyyətin çiçəklənməsinin təməlini qoyublar.

Təəssüf ki, düşmən əlinə keçən məktəbdən geriyə bu gün uçuq-sökük divarlar qalıb. Bu, nə qədər ağrılı olsa da, təəccüb doğurmur. Çünki zər qədrini zərgər bilər.

Azad olunmuş torpaqda, bütöv Azərbaycanın zəfər hissini dadan vətəndaş kimi bu yerlərdə gəzməyin qürurunu sözlə izah etmək mümkünsüzdür. Çünki biz bu günü həsrətlə gözləmişik. 30 ilə yaxın bir müddətdə torpağından, yurdundan ayrı düşən insanların bu gün doğma məkanlara ayaq basmasından gözəl nə ola bilər ki?!

Ataların belə bir misalı var. Kişidə qeyrət olsa, torpağı qızıla döndərər. 30 il ərzində bu torqaları viranə qoyan düşməndən fərqli olaraq, biz, bu yerləri yenidən qızıla döndərəcəyik. Çünki bu yurdun əsl kişiləri, əsl sahibləri geri dönüblər. Haqqı ödənməyən şəhidlərin qanı ilə sulanan bu torpaqda yenidən çiçəklər açacaq, yenidən bu məktəblərdə zəng çalınacaq.