• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 12.02.2021 19:44

Zamanın keşiyini çəkən "yaşıl təqvim"

KepezTV Player

Elçin Əfəndiyevin təbirincə desək, təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır: gündə bir sarı yarpaq salır. Amma Nizami yurdunun təqvimi ilin 4 fəslində də həmişə yaşıldır. Özü də hər kəsin görə biləcəyi bir yerdə. Gəncənin Heydər Əliyev prospektindəki "yaşıl təqvim" 40 ildən artıqdır şəhərin mərkəzində zamanın keşiyini çəkir.

İnsanlara zamanın bələdçiliyini edən “Yaşıl təqvim”i Gəncə Şəhər İcra hakimiyyətinin qarşısında görmək mümkündür. Hər gün yenilənən rəqəmlər, ildə 12 dəfə isə ayların yazıldığı hissələr olur. Dan yeri söküləndə şəhər təqvimi də yeni bir günə oyanır. Təqvimin hazırlandığı bitki isə Şəhər Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində hazırlanır.

Nazlı Bağırova - Yaşıllaşdırma şöbəsinin işçisi: Təxmini 45 ilə yaxındır ki, gördüyünüz bu gülçülük sahəsində çalışıram. Çalışdığım müddətdən indiyə qədər şəhərdə gördüyünüz təqvim mənim vasitəm ilə hər gün, hər ay, hər il təzələnir. Sedum da elə bir bitkidir ki, o qısa boylu gəvəvari bitkilərə aiddir. Bunlar hündürə qalxmırlar və budamaya da nə forma desən vermək olar. Bunun ən gözəl xüsusiyyəti odur ki, onlar ilin 4 fəslində öz gözəlliyini qoruyub saxlaya bilirlər. Belə ki, həm isdiyə həm soyuğa davamlı bitkilərdir.

Torpağa basdırılan sedium bitkisinə 1 ay müddətində xüsusi qulluq göstərilir və 1 aydan sonra bitki kök atmış olur. Hər ay özündən bir sonrakı ayın təqvimi hazırlanır və hazırlandıqdan sonra bitki şəhərin mərkəzinə gətirilir.

Qüdrət Əsgərov - Yaşıllaşdırma Şöbəsinin sahə rəisi: Mütəmadi olaraq hər gün gecə saatlarında 12-dən 1-ə keçən gecə yəni növbəti günə keçəndə biz təqvimdə dəyişiklik edirik. İllər bitəndən sora isə ilin axırıncı günü 31-i dekabr günü gecə saatlarında isə il dəyişilir.

Yaşıl təqvimə xüsusi qulluq göstərilir, şəhərə gəldikdən sonra yaşıl təqvimin hərfləri və rəqəmləri vaxt aşırı sulanır, budanır, ətrafı cücərən alaq otlarından təmizlənir.