Gəncə-Qazax regionunda fermerlərin aqrar məsləhət xidmətləri ilə təminatının yaxşılaşdırılması üçün pilot layihə başlayır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ölkəmizdə həyata keçirdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Gəncədə regional ofis açılıb.
Gəncə Aqrar Elm və İnnovasiya mərkəzində açılan ofis Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi layihə çərçivəsində reallaşır. Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi məqsədilə yaradılan bu ofis ölkə üzrə 5 illik strategiya hazırlanmasını nəzərdə tutur. Pilot olaraq Gəncə və Quba-Xaçmaz regionlarında bu strategiyaya uyğun fəaliyyətlərin icra edilməsi planlaşdırılır.
Layihənin icrası ilə əlaqədar yaxın günlərdə aqrar məsləhət xidməti sektorunun nümayəndələrinin iştirakı ilə aqrar məsləhət xidmətlərinin gücləndirilməsi sahəsində müzakirələrə başlanılacaq. Müzakirələr fermerlərin aqrar məsləhət xidməti ehtiyacları ilə xidmət təminatçılarının təkliflərini ortaq məxrəcə gətirmək istiqaməti daşıyacaq.
Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi layihəsi 2019-cu ilin noyabrından fəaliyyətə başlayıb.
Elnur Vahidoğlu
- Baxış: 412